İnam Kərimov türkiyəli həmkarı ilə görüşüb

İnam Kərimov türkiyəli həmkarı ilə görüşüb
  10 Dekabr 2018    Oxunub:7520
Bakıda Azərbaycan və Türkiyənin Kənd Təsərrüfatı Nazirliklərinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, hazırda kənd təsərrüfatının aparıcı sahələrinə dair dövlət proqramları üzərində iş getdiyini xatırladan nazir İnam Kərimov Azərbaycanın Türkiyə ilə aqrar sahədə əməkdaşlıqda maraqlı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə aqrar sığorta sisteminin tətbiq ilə bağlı təcrübə mübadiləsi aparmaqda, toxumçuluq, fındıqçılıq və pambıqçılıq sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli isə qeyd edib ki, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini genişləndirmək üçün böyük potensial var, amma real ticarət dövriyyəsi mövcud potensiala görə çox aşağıdır. B.Pakdemirli özəl sektorun qarşılıqlı ticarətdə rolunu artırmaqla bu potensialdan tam istifadə etməyin mümkünlüyünü deyib. Sabah Bakıda keçiriləcək Azərbaycan-Türkiyə Biznes Forumunda iştirak etmək üçün Türkiyədən 65 iş adamının gəldiyini xatırladan nazir bu tədbirin əməkdaşlığın genişlənməsində mühüm rol oynayacağına əminliyini vurğulayıb. Türkiyənin toxumçuluq sahəsində böyük uğurlara imza atdığını deyən nazir əlavə edib ki, ölkəsi pambıqçılığın inkişafına önəm verir.

“Hazırda Türkiyə özünü pambıq toxumu ilə tam təmin edir, toxumçuluq sahəsində imkanlarımızı pambıqçılığın inkişafında son dərəcə maraqlı olan Azərbaycanla bölüşə bilərik” – deyə türkiyəli nazir bildirib.

İ.Kərimov iki ölkənin aqrar qurumlarının fındıqçılıq, texnologiyalar sahəsində də əməkdaşlıq edə biləcəyini, hər iki ölkənin aqrar sahədə ixtisaslaşmış təhsil müəssisələrinin mütəxəssis mübadiləsi apara biləcəyini deyib. Nazir əlavə edib ki, sabah Bakıda keçiriləcək Azərbaycan-Türkiyə Biznes Forumu aqrar sahədə əməkdalığı dəyərləndirmək baxımından mühüm rol oynayacaq.

Görüşün sonunda Azərbaycan və Türkiyənin Kənd Təsərrüfatı Nazirlikləri arasında kənd təsərrüfatı sığortası üzrə əməkdaşlıq protokolunun imzalanma mərasimi keçirilib. Protokolu İ.Kərimov və B.Pakdemirli imzalayıblar.

Azvision.az


Teqlər: KTN   Türkiyə  





Xəbər lenti