60-dan çox iş adamı Türkiyədən Bakıya gəldi - FOTOLAR

  11 Dekabr 2018    Oxunub : 5029
60-dan çox iş adamı Türkiyədən Bakıya gəldi - FOTOLAR
Dekabrın 11-də Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes Forumu keçirilib.

Azvision.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən biznes forumda Azərbaycanın dövlət qurumlarının rəhbərləri, iş adamları, Türkiyədən gəlmiş 65 nəfərlik nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Biznes forumda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, 2017-ci ildə Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində ticarətin həcmi 192 milyon dollar olub: "2017-ci ildə Türkiyəyə ixracın həcmi 65 faiz olub. İdxalın həcmi isə 2,3 dəfə artıb".



Azərbaycanda kənd təsərrüfatı sahəsinin böyük ölçüdə vergidən azad edildiyini xatırladan nazir deyib: "Sektora dövlət tərəfindən böyük dəstək var. Bu imkanlardan istifadə edərək birgə müəssisələr yaratmaq mümkündür. Bu gün iqtisadiyyatı innovasiyasız və texnologiyasız təsəvvür etmek mümkün deyil. Əminəm ki, burada olan 65-dən çox türkiyəli iş adamı Azərbaycan haqqında ətraflı məlumat alacaqlar. Bunun nəticəsi kimi iki ölkənin şirkətləri arasında ikitərəfli sazişlər imzalanacaq".



Kənd təsərrüfatı olmayan ölkəni mətbəxi olmayan evə bənzədən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli çıxışında bildirib: "Yaxın zamanlarda qida və su səbəbindən müharibələr görəcəyik. Bu gün Türkiyənin 3 milyon kənd təsərrüfatı müəssisəsi vasitəsilə 38 milyon hektar ərazidə əkin aparılır. Bu sahədən hasilat 52.2 milyard dollardır. Ölkəmizin kənd təsərrüfatı məhsulları ixracının həcmi 17 milyard dollardır. Bu göstəriciyə görə Avropada birinici, dünyada isə 7-ci yerdəyik. Amma Türkiyə bu sahədəki təbii ehtiyatlarına görə 17-ci yerdədir. Yəni Türkiyə təbii ehtiyatlarını yaxşı dəyərləndirən ölkədir. Biz təcrübəmizi dost və qardaş ölkə Azərbaycanla da bölüşmək istəyirik".



Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxış edib. Qurum rəhbəri bildirib ki, hazırda Türkiyədən Azərbaycana meyvə-tərəvəz, çərəzlər, balıq və balıq məhsulları, içkilər, bitki və yağlar, şəkər, şəkərdən hazırlanan qənnadı məhsulları, yumurta, süd və süd məhaulları, diri heyvanlar və s. idxal olunur.

"Azərbaycandan isə Türkiyəyə əsasən meyvə və çərəzlər, qazlı sular, süd və süd məhsulları, bitki və heyvan mənşəli məhsulları göndərilir. İki ölkənin Kənd Təsərrüfati Nazirlikləri və AQTA arasında üçtərəfli əməkdaşlıq platformasının yaradılması bizim bütün problemli məsələlərin həllinə təkan verəcək".

Forum digər iştirakçıların çıxışları ilə yekunlaşıb.















Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: Forum   Türkiyə