Övladlığagötürmə ilə bağlı yeni sistem yaradılır

Övladlığagötürmə ilə bağlı yeni sistem yaradılır
  11 Dekabr 2018    Oxunub:5552
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılacaq
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzulayan şəxslərin uçotu sisteminin təkmil əsaslar üzərində qurulması ölkəmiz üçün aktual məsələlərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Fərmanı ölkəmizdə bu məsələnin həllinə, ümumən övladlığagötürmə sahəsində idarəetmə mexanizminin şəffaf prosedurlar əsasında təkmilləşdirilməsinə, uşaqlar övladlığa götürüldükdən sonra yeni ailələrdə onların yaşaması və inkişafına nəzarətin gücləndirilməsinə xidmət edir.

Fərmana əsasən, 2019-cu il iyunun 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılmasını təmin edəcək. Uşaqların övladlığa götürülməsinin əsaslandırılması və bunun övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəy verilməsi də nazirliyə tapşırılıb. Fərmanla nazirlik Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq verilməsini, həmin şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini həyata keçirəcək. Övladlığagötürmənin ləğvinin tələb edilməsi, övladlığagötürmə sahəsində vahid nəzarətin, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi səlahiyyətləri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Fərmanda əksini tapan tapşırığa uyğun olaraq, nazirlik mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və 2019-cu il iyunun 1-dən fəaliyyətə başlamasını təmin edəcək. Bu altsistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasına imkan verəcək.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti