Qapımız təhlükədə - TƏHLİL

Qapımız təhlükədə - TƏHLİL
  04 Noyabr 2013    Oxunub:1352
Dünya çempionatının seçmə mərhələsi başa çatdığından hazırda yığma mövzusu nisbətən arxa plandadır. Hərçənd, noyabrın 15-də Estoniya, 4 gün sonra isə Qırğızıstan milliləri ilə qarşılaşacaq əsas yığmamız üçün “futbol ili”ni tam yekunlaşmış saymaq olmaz.
Əslində, sözügedən qarşılaşmalar yoldaşlıq matçı olduğundan və milli komandamızı qarşıda rəsmi oyunlar gözləmədiyindən, hazırlıq görüşləri nisbətən əhəmiyyətsizdir. Bu üzdən futbol ictimaiyyətini milli komandamızın üzvlərinin son durumu, kimin hansı formada olması o qədər də maraqlandırmır. Amma bununla belə, millimizin son rəsmi matçında zədələnən və əməliyyat olunduqdan sonra yaşıl meydanlardan uzaq qalan Kamran Ağayevin olmaması ciddi problem kimi qiymətləndirilməlidir. Bu hal indiki durumda ciddi problem kimi qabardılmasa da, Kamran Ağayevin layiqli əvəzləyicisinin olmaması gələcəkdəki bu kimi hallarda başağrısına çevirilə bilər.

Əslində, qolkiper problemi Azərbaycan futbolu üçün xarakterik deyil. SSRİ dövründə Sergey Kramarenko, Yuriy Romenski və Aleksandr Jidkovun, müstəqillik dönəmində isə Dmitri Kramarenko, Elxan Həsənov, Nizami Sadıqov, Hüseyn Məhəmmədov, Rauf Megdiyev və s. qapıçıların inamlı oyunu nəticəsində ölkə futbolu bu sarıdan çətinliklə üzləşməyib. Elə hazırda da yığma komandamızda Kamran Ağayev kimi əlcək sahibi olduğundan qapı komandamızın problemli zonası sayılmır. Amma bununla belə, qapıçının zədəli olduğu anlarda üzləşdiyimiz çətinliklər və zaman-zaman çıxış etdiyi klublarla problem yaşaması göstərdi ki, yalnız ona güvənmək və yaxın gələcəyə əmin olmaq böyük yanlışlıq ola bilər.

İstənilən halda, Ağayevə layiqli əvəzedicilər lazımdır və “1 nömrə” adına yiyələnmək uğrunda rəqabətin futbolumuza və ilk növbədə millimizə yalnız faydası dəyə bilər. Düzdür, indiki halda, Kamran Ağayevin əsas qapıçı statusunu itirəcəyi inandırıcı deyil, amma hər halda, milli komanda da iki səviyyəli qapıçının olması onların özü üçün də motivasiya qaynağı olardı. Amma insafən deməliyik ki, bu məsələdə nə Kamran Ağayevi, nə də millimizin çalışdırıcısı Berti Foqtsu günahlandırmağa dəyməz.

Sözsüz ki, indiki halda, alman çalışdırıcı uşaq futbol məktəblərindən qısa zaman kəsiyində səviyyəli qapıçı yetişdirməyi tələb edə bilməz. Deməli, Foqts istər-istəməz əlinin altında olanlara güvənməlidir. Alman mütəxəssisin qapıçı seçimində nə dərəcədə düzgün addım atdığı isə başqa söhbətin mövzusudur. Amma istənilən halda, ümidlərimizi bağladığımız yerli qapıçıların perspektivini incələməyə dəyər.

Çox təəssüf ki, Ağayevin layiqli davamçıları yetişmir. Çünki Premyer-liqada yarışan klublarımız getdikcə daha çox əcnəbi qapıçılara etibar edirlər. Bu məsələdə də legioner götürmək, yerli gəncləri yetişdirməkdən daha asan görünür. Nəticədə, gənc kiperlərimiz milli çempionatımızda oyun praktikası qazanmaq şansını itirir.
Düzdür, millimizin qapıçılarından olan “İnter”li Səlahət Ağayev, eləcə də zaman-zaman milliyə dəvət alan “Qarabağ”lı Fərhad Vəliyevin son vaxtlar adətən əsas heyətdə meydana çıxması sevindirici məqamdır. Amma ölkə futbolunun iddialı klublarının hamısında yabancı qolkiperlərin yer alması da diqqətçəkən məqamlardandır. “Neftçi”də Saşa Stamenkoviç və Pavel Doraşevs, “Qarabağ”da Miro Varvodiç və İbrahim Sehiç, “İnter”də Georgi Lomaya , “Bakı”da Edin Nuredinoski, “Qəbələ”də isə Dieqo Kosta Silva və David Pietrzkeviç, “Xəzər Lənkəran”da Duqlas Leyte kimi legioner qapıçıların olması gənc yerli qolkiperlərin əsas heyət üzvü olmasına əngəldir. Üstəlik, iddialı klublarımızla yanaşı, çempionatın bəzi “ikinci eşalon” komandalarının da xarici qapıçılara bel bağlaması üzücü mənzərədir. Bu mənada “Simurq”un Pavel Kapsaya, “Rəvan”ın Lukaş Sapelaya güvənməsini qeyd etmək olar.

Ümumiyyətlə, elita təmsilçilərinin yerli qapıçılarının millidəki perspektivinə nəzər saldıqda nə 34 yaşlı qapıçılar AZAL-dan Cahangir Həsənzadə ilə “İnter”li Elşən Poladovun , nə “Qarabağ”lı 33 yaşındakı “çərçivə” qoruyucusu Fərhad Vəliyevin, bundan sonra uğurlu yığma karyerası quracağını düşünmək olmur. Az-çox oynamaq şansı qazanan yerli qapıçılar “Sumqayıt”dan Anar Nəzirov, “İnter”dən Səlahət Ağayev və “Xəzər Lənkəran”dan Orxan Sadıqlı isə Kamran Ağayevlə rəqabət aparacaq səviyyədə deyil.

Maraqlıdır ki, yerli qapıçıların premyer-liqanın geridə qalan turlarındakı oyun sayına baxdıqda heç də ürəkaçan mənzərə ilə üzləşmirik. Yerli “əlcək sahibləri”ndən ən çox oynamaq şansı qazanan “Sumqayıt”lı Anar Nəzirovun bütün matçlarda forma geyməsini daha çox sözügedən kollektivin gənclərə bel bağlamsı ilə əlaqələndirilməliyik. Digər yerlilərə gəlincə, “Qarabağ”lı Fərhad Vəliyevin 10, “Xəzər Lənkəran”lı Orxan Sadıqlının 9, son vaxtlar zədədən əziyyət çəkən “Bakı”dan Kamran Ağayevlə “İnter”li Səlahət Ağayevin 8, AZAL-ın qolkiperi Cahangir Həzənzadənin 7, onun komanda yoldaşı Ruslan Məcidovun 5, “Bakı”nın qapıçısı Elxan Əhmədovun 3, “İnter”in “çərçivə qoruyucusu” Elşən Poladovun 2, paytaxtın “Bakı” klubunun üzvü Aqil Məmmədovun isə cəmi bir qarşılaşmada forma geydiyini qeyd edə bilərik. Bundan başqa, diqqətçəkən daha bir məqam isə “Qarabağ”ın milliləşdirilmiş qapıçısını da nəzərə alsaq, “Rəvan”ın üç,”Simurq” və “Sumqayıt”ın iki, “Qarabağ” və “Qəbələ”nin isə bir yerli qolkiperinin hələ ki, debüt etmək şansı qazanmamasıdır.

Digər amplualara nisbətən qapıçının inkışafında daim oynamasından çox asılı olduğundan sadaladığımız yerli qapıçılar mütamadi oynamaq imkanı qazanasaydı, çox şeyə nail olardılar. Belə olsa, nə Andrey Popoviç kimi sıradan qapıçını milliləşdirməyə ehtiyac olardı, nə də Abdulla Hacıkadiyev və başqa legioner qapıçının adı millimizlə anılardı.

Tural Məmmədov


Teqlər:





Xəbər lenti