Azərbaycan hərbi məhsul ixracını 9,2 faiz artırıb

   Azərbaycan hərbi məhsul ixracını 9,2 faiz artırıb
  16 Dekabr 2018    Oxunub:3181
2017-ci il ilə müqayisədə Azərbaycan ölkə daxilində istehsal olunan hərbi təyinatlı məhsulların xarici dövlətlərə ixracını bu il 9,2 faiz artırıb.
Bu barədə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.

Nazir müavini bildirib ki, ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsal ilə əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılıb:

"Artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi olublar. Bu da öz novbəsində istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edən əsas şərtlərdəndir. Nəticədə müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb".

Y.Musayevin sözlərinə görə, bu gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınlarının və digər məmulatların ixracı hayata keçirilir:

"Hazırda onlarla ölkəyə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir. 2017-ci illə müqayisədə bu il ixrac edilmiş məmulatların həcmində 9,2 faiz artım olub. Böyük qürur hissi ilə deyə bilərik ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlar Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir. Vurğulamaq lazımdır ki, istehsal olunan rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına əsas zəmin yaradan amillər nazirliyin müəssisələrinin beynəlxalq standartlara cavab verə biləcək məhsul istehsal etmək potensialına malik olması va yüksəkixtisaslı kadrlarla təmin edilməsidir".

Azvision.az


Teqlər:





Xəbər lenti