“DOST” mərkəzlərinin yaradılması işləri davam edir - Nazir
Nazir S.Babayev əmək, məşğulluq, sosial təminat sahələrində aparılan islahatları qeyd edib. O, diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılması işləri davam edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan “DOST” layihəsi dövlət sosial xidmətlərinin geniş bir hissəsinin “bir pəncərə”dən operativ, şəffaf və vətəndaş rahatlığı prinsipi əsasında, sadələşdirilmiş prosedurlarla təqdim olunmasına, nəticə etibarilə vətəndaş məmnunluğuna nail olunması hədəfinə xidmət edir. Nəticədə əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər əlaqədar sahələrdə (cəmi 124 xidmət üzrə) təkmil və sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və modernləşdirilməsinə nail olunacaq.
S.Babayev “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın əsas istiqamətlərini, “İşsizlikdən sığorta haqqında”, yeni “Məşğulluq haqqında” Qanunları qeyd edib. O, dövlət məşğulluq xidmətlərinin müasir tələblərə cavab verən, elektron texnologiyaların geniş tətbiqinə əsaslanan yeni modelinin formalaşdırılması, əmək bazarının inkişafı, əmək münasibətlərinin leqallaşdırılması, işçi qüvvəsinin keyfiyyətininin yaxşılaşdırılması istiqamətində işlərin aparıldığını deyib.
Dövlət məşğulluq siyasətinin mötəbər beynəlxalq təşkilatlarla, xüsusilə Dünya Bankı, Beynəlxlaq Əmək Təşkilatı, Avropa İttifaqı, BMT İnkişaf Proqramı və digər təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində formalaşdırılaraq həyata keçirildiyini deyən nazir Azərbaycanda insan kapitalına yönəldilən vəsaitin cəmiyyətin mövcud və gələcək inkişafına qoyulmuş investisiyalar kimi qəbul olunduğunu, dayanıqlı iqtisadi artımın əsas şərtlərindən birini təşkil etdiyini deyib.
Azvision.az