Neft Fondunun büdcə layihəsi prezidentə təqdim olundu

  19 Dekabr 2018    Oxunub : 4558
 Neft Fondunun büdcə layihəsi prezidentə təqdim olundu
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, iclasın gündəliyinə əsasən Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi, investisiya siyasəti, valyuta vəsaitinin idarə edilməsi və digər məsələlər müzakirə olunub.

Dövlət Neft Fondu tərəfindən Fondun 2019-cu il üçün büdcə layihəsi barədə təqdim edilən məlumata əsasən 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsinin baza göstəricisi olan 1 barel neftin ortaillik ixrac qiyməti növbəti il üçün dövlət büdcəsi ilə eyni - 60,0 ABŞ dolları səviyyəsində götürülüb. Bu göstəriciyə uyğun olaraq Fondun 2019-cu il üzrə büdcə gəlirlərinin ümumi həcminin 15 450,1 milyon manat, büdcə xərclərinin 11 595,2 milyon manat təşkil etməsi və Fondun büdcəsində 3 854,9 milyon manat profisitin yaranması proqnozlaşdırılır.

Dövlət Neft Fondunun 2019-cu il üçün investisiya siyasətinin müzakirəsi zamanı qeyd edilib ki, Neft Fondunun növbəti il üzrə investisiya portfelində xarici valyutalarda ifadə olunan aktivlərin çəkisi ABŞ dollarında 50 faiz, Avroda 35 faiz, İngilis funt sterlinqində 5 faiz, digər valyutalarda isə 10 faiz səviyyəsində olması proqnozlaşdırılır.

Xərclərin strukturunda məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə əlaqədar bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər 200,0 milyon manat, Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 11 364,3 milyon manat, Fondun idarə edilməsi ilə bağlı xərclər 30,9 milyon manat məbləğində olması proqnozlaşdırılır.

Eyni zamanda, iclasda Fondun 2019-cu ilin büdcə layihəsinə dair Azərbaycan Respublikası Hesablama Palatasının rəyi müzakirə edilərək irəli sürülən nəticə və tövsiyələrin baxılmasına dair tapşırıqlar verilib.

Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsı haqqında Qaydalarda dəyişikliklərin edilməsi barədə təklifləri müzakirə olunub və Şuranın üzvləri tərəfindən irəli sürülən təklif və tövsiyələrin nəzərə alındığı bildirilib.

Müzakirələrin nəticəsi olaraq, Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirlərinin 15 450,1 milyon manat, xərclərinin 11 595,2 milyon manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 milyon manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb və müvafiq olaraq Dövlət Neft Fondunun 2019-cu il büdcə layihəsi, o cümlədən investisiya siyasəti daxil olmaqla, Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab olunaraq, təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

Həmçinin Dövlət Neft Fondunun valyuta vəsaitinin idarə edilməsi qaydalarının təkmilləşdirilməsi məqsədilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar" ında təklif edilən dəyişikliklər məqbul sayılıb və bu dəyişikliklərin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə olunub.



Azvision.az

Teqlər: Dövlət-Neft-Fondu   Novruz-Məmmədov