FES-in qərarı neft bazarına təzyiqi artırıb

  24 Dekabr 2018    Oxunub : 4215
 FES-in qərarı neft bazarına təzyiqi artırıb
Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsinin yüksəltməsi ilə bağlı qərarı neft bazarına təzyiqi daha da artırıb.
Azvision.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, "Brent" markalı neftin hər barelinin qiyməti 53 dollaradək azaldıqdan sonra stabillik müşahidə olunsa da, bunun uzun müddətli olacağını söyləmək çətindir.

Ekspert hesab edir ki, gələn ilin büdcəsində neftin qiymətinin 60 dollardan hesablandığını nəzərə aldıqda, neftin ucuzlaşması fiskal baxımdan bizim üçün əlverişli deyil.



"Neftin mövcud qiyməti hətta 2018-ci ilin büdcəsində nəzərdə tutulan qiymətdən də azdır. Doğrudur, bu il neftin orta qiyməti kifayət qədər yüksək olduğundan bazardakı son enişlər 2018-ci il büdcəsinin gəlirlərinə təsir etmir. Bununla belə, gələn il büdcə gəlirlərinin formalaşmasında neftin dünya bazar qiyməti həlledici olaraq qalacaq. FES 0.25 faizlik artım ilə bazarda şok yaratmamağa çalışsa da, son qərar inkişaf etməkdə olan ölkələrin və eləcə də bizim valyuta bazarımıza psixoloji təsir göstərməkdədir. Avropa Birliyi büdcəsi ilə bağlı İtaliya ilə əldə edilən razılıq avroya müəyyən nəfəs versə də, avrozonadakı nümayişlər köhnə qitənin vahid valyutasının möhkəmlənməsinə imkan vermir. Göründüyü kimi, qlobal bazarlar ili qeyri-müəyyənliklər ilə başa vurmaqdadırlar. Beynəlxalq maliyyə qurumları gələn il üçün qlobal iqtisadi artım faizini aşağı saldıqları üçün gələn il dünya əmtəə və valyuta bazarlarında qeyri-müəyyənliklərin davam edəcəyi gözlənilir".

Azvision.az

Teqlər: Neft   Dollar