Hərraca 60 dövlət əmlakı çıxarılıb

Hərraca 60 dövlət əmlakı çıxarılıb
  24 Dekabr 2018    Oxunub:4570
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yanvarın 29-da keçiriləcək hərraca 60 dövlət əmlakı çıxarılıb. Onlardan 28-i kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.
Komitədən Azvision.az -a bildirilib ki, ümumi faydalı sahəsi 29,7 kvadratmetr ilə 9297 kvadratmetr arasında olan kiçik dövlət müəssisə və obyektlərinin çoxu torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Bu dövlət obyektlərinə zavod, mağaza, yeməkxana, şadlıq evi və digər dövlət əmlakları aiddir.

Məlumata əsasən, Astarada yerləşən kinoteatrın ümumi faydalı sahəsi 442,6 kvadratmetrdir. 2500 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılan dövlət müəssisəsinin iqtisadi potensialı artmış olur. Ucar şəhəri, H.Sultanov küçəsindəki tikiş fabriki də sərmayəçilər üçün maraqlı ola biləcək dövlət əmlaklarındandır. Həm müvafiq sahə üzrə, həm də digər biznes sahələri üzrə fabrikin fəaliyyəti sahibinə yüksək gəlir qazandıra bilər.

Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 14,7 kvadratmetr ilə 121,6 kvadratmetr intervalındadır. Bu kateqoriyadan olan dövlət əmlaklarından 8-i Bakıda, 2-si Gəncədə, digərləri isə Samux və Sabirabadda yerləşir.

Samuxdakı qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 62,3 kvadratmetrdir. Paytaxtın Səbail rayonu, Z.Əliyeva küçəsindəki obyektin isə ümumi faydalı sahəsi 14,7 kvadratmetrdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu növ dövlət əmlaklarını özəlləşdirməklə onlardan müxtəlif sahələr üzrə ofis və ya xidmət obyekti kimi istifadə edə bilər.

Səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, kəndkimya, nəqliyyat, məişət və digər sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Mingəçevir Qum Çınqıl”, “Ağcabədi Aqrotexservis”, “Yevlax Kəndkimya Təchizat”, “Şıxlar Broyler” kimi səhmdar cəmiyyətləri var. Bu dövlət əmlakları paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Hərraca çıxarılan səhm paketləri bu səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının 30-45 faizini təşkil edir.

Dövlət əmlaklarının özəlləşdirilməsi prosesinə qoşulmaq üçün Özəlləşdirmə portalı (privatization.az) və komitənin rəsmi saytına (emdk.gov.az) daxil olmaq kifayətdir. Hərracda iştirak etmək istəyən şəxslər elektron formada qeydiyyatdan keçərək, ilkin qiymətin 10 faizi həcmində behi ödəyib sifarişçiyə çevrilə bilər.

Qeyd olunub ki, təşkil olunan hərraclarda istənilən şəxs həm onlayn, həm də canlı formada iştirak edə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Azvision.az


Teqlər: ƏMDK   Hərrac  





Xəbər lenti