Bakıda 1000-ə yaxın reklam lövhəsi dəyişdiriləcək
Quraşdırılan 30 ədəd yeni nəsil reklam daşıyıcısı Bakının görkəmini gözəlləşdirməklə yanaşı, reklam ekosisteminin inkişafına da təkan verəcək. Bu reklam qurğuları sifariş olunarkən paytaxtın, eləcə də bölgələrin iqlimi nəzərə alınıb. Belə ki, yeni reklam konstruksiyaları küləkli havaya dözümlü olmaqla yanaşı, onların led ekranları və şüşələri də istənilən iqlim şəraitinə davamlıdır.
Aparılan araşdırmaların nəticəsi olaraq, hazırda Bakıda ilkin mərhələdə 1000-ə yaxın reklam daşıyıcısının yenilənməsi nəzərdə tutulur. 2019-cu il ərzində daha 240 ədəd yeni reklam qurğusunun quraşdırılması gözlənilir. Daha sonra bu proses mərhələli şəkildə davam etdiriləcək, paytaxtla yanaşı ölkənin bütün regionları da müasir standartlara cavab verən reklam qurğuları ilə təchiz olunacaq.
Ekspertlər hesab edirlər ki, ölkəyə artan turist axınını nəzərə alsaq, Bakının, eləcə də regionların estetik baxımdan daha da gözəlləşməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın əksər ərazilərində yerləşdiriləcək yeni konstruksiyalar açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar üçün daha cəlbedici olacaq və bu sahədə çalışan operatorlar arasında azad rəqabəti artıracaq.
Azvision.az
Teqlər: Reklam