Qaradağda 22 km yol təmir olunur
Lökbatan-Qızıldaş və Lökbatan-Güzdək avtomobil yollarının əsaslı şəkildə təmir olunmadan uzun illər istismar olunması, əsasən ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində yol geyimi və yol əsası deformasiyaya uğramış, qabarma və çalalar əmələ gəlmişdi. Bu isə vətəndaşların gediş-gəlişində çətinliklərə səbəb olurdu. Buna görə dövlət agentliyi tərəfindən sözügedən yolların ötən il əsaslı şəkildə təmirinə start verilmişdi.
Hər iki avtomobil yolu iki hərəkət zolaqlı olmaqla üçüncü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Layihəyə uyğun yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edir.
Yollar boyu yeni yol yatağı inşa olunub. Bu çərçivədə yağıntılar zamanı yolların hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədilə kənardan xüsusi material gətirilərək yol yatağı 1-1,4 metr hündürlüyə qaldırılıb. Daha sonra lazımi qalınlıqda optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılıb.
Torpaq işləri bitəndən sonra hər iki yola 2 qat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır ki, bu işlər də yaxın günlərdə tam olaraq bitəcək. Yollar boyu asfaltlanan ərazinin sahəsi 160 min kvadratmetrdən çoxdur.
Bundan başqa, layihəyə uyğun olaraq Lökbatan-Qızıldaş və Lökbatan-Güzdək avtomobil yollarında ümumilikdə 5 nöqtədə yolun altından suların ötürülməsi üçün suötürücü dəmir-beton boru quraşdırılıb, mövcud 5 metr uzunluğunda dördbucaqlı su keçidi əsaslı şəkildə bərpa olunub. Layihənin zəruri ərazilərində yeni piyada səkiləri və yol ayırıcı inşa edilib, kənarlarına yeni səki daşları düzülüb.
Azvision.az