Yeni vergi siyasəti kiçik sahibkarlığa böyük dəstək olacaq – TƏHLİL

   Yeni vergi siyasəti kiçik sahibkarlığa böyük dəstək olacaq –    TƏHLİL
  14 Yanvar 2019    Oxunub:4904
Dövlət başçımız İlham Əliyev hökumətin ölkənin keçən ilin sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında qeyd etdi ki, vergi sahəsində çox dərin islahatlar aparılıb. Bunu 2018-ci il ərzində dövlət büdcəsinə vergilər üzrə nəzərdə tutulan planın artıqlaması ilə yerinə yetirilməsinə görə dedi və ümumiyyətlə, vergi siyasəti sahəsində görülən işləri müsbət qiymətləndirdiyini bildirdi. Məlumdur ki, vergiyə dair islahatlar hələ bu il işə düşüb. Odur ki, cari ildə hansı nəticələrin əldə olunacağı daha çox maraq doğurur.
Vergi Məcəlləsinə edilən 240-dan çox dəyişikliyin çoxunun əhəmiyyəti haqda hələ il başlanmamış yazmışam. Əlbəttə, əsas nəticələri praktika göstərəcək. Ümumiyyətlə, yeni vergi dərəcələrinin, yəni vergi siyasətilə bağlı məlum dəyişikliklərin işə düşməsilə əlaqədar olaraq, martın əvvəli və ya aprelədək hər şey öz əvvəlki qaydasına - relsinə qayıdacaq. Demək istədiyim budur ki, həmin müddətədək müəyyəm məqamlar üzrə özünü büruzə verən anlaşılmazlıqlar davam edəcək və adaptasiya prosesi gedəcək. İstisna deyil ki, bəzi nüanslar özünü doğrultmayacaq - hər hansı bir formada korrektəyə və yaxud redaktəyə ehtiyac duyacaq.

Məsələn, ən çox müzakirə doğuran məqamlardan biri sadələşdirilmiş vergi növünün tətbiqi dairəsinin daraldılmasıdır. Belə ki, sadələşdirilmiş vergi ödəyicisi sayılanlar bundan sonra digər vergi ödəyiciləriylə alqı-satqı və xidmət əlaqəsinə - münasibətlərinə girərsə, mövcud hüquqlarını itirəcəklər. Və dərhal, alqı-satqı və xidmət münasibətlərinə girdikləri subyektlər kimi digər vergi növləri üzrə ödəyiciyə çevriləcəklər. Sual yaranır ki, bunun nəyi pisdir?

Məlum olduğu kimi, cari ildən işə düşən yeni vergi dəyişikliklərinin əsas məqsədi qeyri-leqal dövriyyəni və fəaliyyəti məhdudlaşdırmaq, həmçinin ölkədə ən aşağı həddə, yəni meyarlara uyğun sahibkarlıq fəaliyyəni genişləndirmək və stimullaşdırmaqdır. Söhbət, işçilərinin sayı 10 nəfərə, illik gəliri 200 min manata qədər olan mikro, 11-50 işçisi və 3 milyon manatadək illik gəliri olan kiçik sahibkarlarlardan gedir.

Etiraf edək ki, bu sahədə müəyyən sədlər və maneələr olmaqla yanaşı, nəzarətsizlik, sistemsizlik və müəyyən mənada bir özbaşınalıq da mövcud idi. Və buna da şərait yaradan həm də sadələşdirilmiş vergi növünün özü və müvafiq uçotsuzluq vəziyyəti idi. Vergi bazası isə elə bir xüsusiyyətə malikdir ki, hər hansı bir hissəsində və ya bölməsində, detalında nasazlıq, çatışmazlır, ən əsası nəzarətsizlik olduqda, digər ödəyicilərin də vergi tutulmasından sapmalarına və yayınmasına şərait yaradır.

Odur ki, sadələşdirilmiş vergi növünün tədbiq dairəsinin məhdudlaşdırılması olduqca əhəmiyyətlidir daşıyır və gərəkli addım sayılır. Ümumiyyətlə, bir cəhəti nəzərə almaq lazımdır ki, hansısa subyeklərin fəaliyyətini və inkaşıfını stimullaşdırmaq istənilirsə, ilk növbədə bunların dəqiq uçotu və hesabatı aparılmalıdır. Bu mənada, sadələşdirilmiş vergi ödəyicisi statusuna malik olanların dairəsinin daraldılması həm bu məqsədə çatmağa imkan yaratmaq, həm də bir az iri və böyük işlərlə məşğul olan sahibkarların fəaliyyətlərinə və dövriyyələrinə də nəzarəti əlavə olaraq artırmaq üçün edilib. Hesab edirəm, praktik olaraq da sübuta yetəcək ki, sözügedən dəyişiklik hər iki məqsədə nail olmağa yol açacaq. Və bu, inqilabi bir addım sayılacaq.

Çünki vergidə inzibati metodlora gücləndirməklə tam mənada heç nəyə nail olmaq mümkün deyil. Bunu təcrübə göstərib. Məsələn, nəyə görə bir az orta və az-çox iri səviyyəli sahibkarlar xırda, yəni mikro gəlir gətirən fəaliyyətlə məşğul olan subyektlərlə mal və xidmət əməkdaşlığında və yaxud da alqı-satqısında "maraqlı" olmalıdırlar? Bəlkə bu, belə deyil? Ölkədə orta və iri sahibkarlıqla məşğul olan subyektlərin sayı demək olar, barmaqla sayılacaq qədər olsa da, kiçik və bundan da xırda - mikrosahibkarlıq subyektləri N qədərdir. Səbəb nədir?

Sözsüz ki, vergidən yayınmaq... Həmin mikrosahibkarların bəziləri əslində real olaraq mövcud deyillər. Sadəcə olaraq, bu, bir sıra orta və iri sahibkarlıq subyektlərinə müəyyən mal və məhsulları rəsmi dövriyyədən yayındarmağa imkan yaradırdı.

Odur ki, bu vəziyyəti aradan götürmək üçün sözügedən mikro və kiçik sahibkarlara 75% vergidən azadolma, əmlak vergisinə dair müvafiq güzəşt xarakterli kompensasiya və dövlət dəstəyi tətbiq edib, həyata keçirməklə, həm vergidən yayınmanın qarşı alınacaq, həm də "eynəklə görünən" gəlir götürən subyektlər nəzarət alınmaqla, inkişaf etdiriləcək.

Dövlət başçısı da girişdə qeyd etdiyim hökumətin iclasında bildirdi ki, vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Və əlavə etdi ki, bütün bunlara son qoyulmalı idi. "Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır",- deyə, Prezident də qeyd etdi.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər: Vergilər   Vergi-siyasəti  





Xəbər lenti