Şərqin ən böyük səhvi - Əhməd Həmid yazır

      Şərqin ən böyük səhvi    - Əhməd Həmid yazır
  14 Yanvar 2019    Oxunub:6906
Bütün insanlar instinktiv olaraq genlərini ötürmək, gələcəkdə iz qoymaq istəyirlər. Bu izlər keçmisdəki izlərin davamı deyilsə və həmin coğrafiyadan özünə artıq nəsə qatmayıbsa, tez silinib gedir.
Müdrik Şərq gah plagiatçı Şərqə çevrildi, gah da məlumat kassasına. Doqquz, on, on birinci əsrlərdə 200 ildən artıq qoca Şərq yalnız qədim Avropanın məlumatlarını qoruya bildi. Canından heç nə qata bilmədi, eradan əvvəl yazılmış fikirləri olduğu kimi quru-quru X-XI əsr Avropasına qaytardı. Şərq öz suyunda, canında bu məlumatları bişirə bilmədi.

Sözün düzü, məni də Alev Alatlının “Şərqin ən böyük səhvi islamın ellinləşməsi oldu” fikiri oyatdı. Onda anlamağa başladım ki, bizə Şərqin renesansı olaraq yeridilən dövr əslində ellinləşmə dövrüdür. Qəzali bu ellinləşmə ilə nə qədər mübarizə aparsa da, artıq çox gec idi. Bu cəhdi də Qəzalini inkisafa badalaq vermək istəyən biri kimi tarixə saldı.

Ellinləşmiş Şərqin ən böyük alimi və dahisi olan Fərabi Aristotel ola bilmədi, yeni cərəyan da yarada bilmədi. Buna baxmayaraq, “Şərqin Aistoteli” adlandırıldı. İbn Sinanın əsərləri uzun müddət Avropa tibb universitetlərində əsas ədəbiyyat olsa da, Rafaelin “Afina Məktəbi” tablosunda yalnız İbn Rüşdə yer verildi.


Sanzio de Urbino Raphael. “Afina Məktəbi” (19 - İbn Rüşd (Averroes))

Ellinləşmədən sonra Şərq ən qüdrətli dövrlərində də Qərbdən nə isə umdu. Şərq alimlərinin özlərini Qərb mətnlərində axtarması dəbə çevrildi. Ən maraqlısı odur ki, Qərb əmanətini geri aldıqdan bir müddət sonra neoplatonizm cərəyanı yarandı. Utancaq Şərq isə qoruduğu Əflatuna da “Platon” deməyə başladı.

Əlbəttə, elm dünyəvidir, hamı üçündür. Mənim də burada Şərq, yaxud Qərbin müdafiəsini etmək fikirim yoxdur. Mən, sadəcə, coğrafiyaya uyğun düşüncənin inkişaf etməsini, Şərqin dərdinin elə Şərqin dərmanı ilə müalicəsini istəyirəm.

Bu ərazidə şərqliyini az da olsa qoruya bilən yeganə ölkə İrandır. İran son zamanlar dünyada məhşulaşan musiqisi və filmləri ilə bütün Yaxın Şərq ölkələrindən seçilir. İranda tibb və elmin də yaxşı inkişaf etməsi İranın öz dərdlərinə Şərqin, bu torpaqların üsulu ilə çarə tapmasıdır. Əslində islamın İranda özünü tamam fərqli cür təzahür etdirməsi, ərəb islamının fars adətləri ilə tərbiyə olunmasının nəticəsidir. Və bu qədər qadağalara baxmayaraq, İranda Türkiyədən fərqli olaraq, məktəblərdə təkamül dərsi də keçirilir.

Bu coğrafiyanın tarixini, ədəbiyyatını, sənətini unudub, tarixdə nəsə iz qoymaq mümkün deyil. Ahmet İnam demişkən, Şərqin dünyaya qatmalı olduğu böyük dəyərlər var. Anadolunun, Qafqazın, Şərqin dəyərləri olmayan bir dünya yarımçıqdır.

Mən “keçmişlə yaşamalıyıq” demirəm. Mən deyirəm ki, keçmişi kənara atmaq olmaz. Biz keçmişimizi ayaqlarımızın altına atıb, onun üzərinə çıxıb, gələcək qurmalıyıq. Kök atmaq və göyərmək də elə bu deyilmi? Kökü atıb, onun üzərində göyə varmaq, göyə çatmaq lazımdır. Dilimizdəki hər söz keçmişdən bir iz daşıyır. Keçmişin izləri də ən yaxşı dildə qorunub saxlanır. Və deyə bilərik ki, bizim deyimlərin əksəriyyətində “iz qoymaq” fikrinin izləri ilə rastlaşmaq olar. Mən indi düşünürəm ki, “Qılınc yarası sağalar, dil yarası sağalmaz” deyimi də dildə qoyulan izlərin qalıcı olmasının göstəricisidir. Dildə qoyulan izlər silinmir. Buna görə də millətlərin yaxınlığı yoxlanılan zaman dil əsas faktor sayılır.

“İz qoymaq” ifadəsi əvəzinə bizdə “nişanlamaq” sözü işlədilir. Birinin barmağına üzük taxmaq da iz qoymaqdır, onunla sevişmək də. Birində iz qoymaq onda özünü görə bilməkdir. İz qoymaq qarşılıqlı olur. Mürşid müridində nə boyda iz quyursa, müridin qoyduğu iz də o boyda olur. Bəlkə də icazə verməliyik bu torpaqlar, bu Şərq bizi öyrətsin, bizim izimiz də onun üzərinə düşsün. Onda yüzillərdir yaşadığımız ərazilərin bizim olduğunu subut etməyə ehtiyac qalmaz. Bizdə nişanlamaq göstərmək deməkdi. Biz həmişə uzaqları - Qərbi nişan aldıq, ona görə tikdiyimiz evlərdə, qalalarda izimiz qalmadı.

Bu qala bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Bayatıda deyildiyi kimi, iz qoymaq qala tikməklə bitmir. Əvvəlcə bizim olmalıdır, bizdən bir nişanı olmalıdır. Qala qurmaqla, nişan qoymaqla da iş bitmir. Yaxşı söz var: Qurulan qurdalanmadıqca qurum bağlayır, quruma çevrilir. Bacanı tutan qurum ev insanlarını zəhərlədiyi kimi, birliklər, qurumlar da cəmiyyəti zəhərləyir. Bu toxunulmaz qurumlar da Qərbi nişanlayib quruntu (gerçəkləşməsi mümkün olmayacaq xəyalların gerçəkləşməsini ummaq) etməyə baslayırlar.

Yenə də deyirəm, elm dünyəvidir, amma öyrənmək, düşünmək metodları tam fərqlidir. Əslində dahilərin “Oxuduğum hər mətni yenidən özüm kəşf edirəm” fikiri öyrənmə metodunun fərdiliyini göstərir. Öyrənmə metodu hamıya görə fərqli olduğu kimi, tədris də fərqli olmalıdır.

İndi fikirləşirəm ki, Qərbdə universitetərin binalarının üslubu kilisəyə bənzəyir. Bizdəki mədrəsələrin üslubu da məscidlərə, camilərə bənzəyirdi. Bəs həmin mədrəsələr necə oldu? Heyf ki, biz mədrəsələri inkişaf etdirə bilmədik, onu Avropa tədrisi verən məktəblərə, universitetlərə çevirdik. Bu universitetlər də Harvard, Stanford olmadılar. “Zamanla ayaqlaşmaq” fikirini səhv başa düşdük, Avropanın zamanı ilə ayaqlaşmalı olduğumuzu sandıq və taptalandıq. Kökü, keçmişi ayaqlarımızın altına atıb, onun üzərində durmağı kökümüzü atıb, başqa kök axtarmaq sandıq. Bəlkə uzaqlar daha yaxşı görünür deyə belə etdik, xoşbəxtliyi, özümüzü çox uzaqda axtardıq. Bəlkə də daha yaxını nişanlamalıyıq.

Əhməd Həmid
Azvision.az üçün


Teqlər: Elm   Fəlsəfə  





Xəbər lenti