Gizli CİAsət: ABŞ xarici kəşfiyyatından hansı məqsədlərlə istifadə edir – DOSYE

      Gizli CİAsət:    ABŞ xarici kəşfiyyatından hansı məqsədlərlə istifadə edir –    DOSYE
  15 Yanvar 2019    Oxunub:12303
(Yazının əvvəlini buradan oxuya bilərsiniz)

70-ci illərdə MKİ kəşfiyyat orqanı olmaqdan başqa, həm də ABŞ xarici siyasətinin formalaşdığı əsas mərkəzlərdən birinə çevrilməyə başladı. 1974-cü il dekabr ayının 22-də “Nyu-York Tayms” qəzetinin müxbiri Seymur Herş MKİ-nin öz səlahiyyətlərindən sui-istifadə etməsinə dair, son iyirmi ildə sıravi Amerika vətəndaşlarının və təşkilatlarının nəzarət və senzura məqsədilə poçt ilə göndərilən məktubların və s. açılıb oxunması da daxil olmaqla çoxsaylı faktlardan ibarət olan siyahı dərc etdirmişdi. Bundan sonra ABŞ mətbuatında MKİ-nin fəaliyyətinin ifşa edilməsinə dair çoxsaylı araşdırmalar başladı.

MKİ alimlərinin məxfi laboratoriyalarda insan şüuru üzərində nəzarət əldə etmək üçün sınaqlar keçirməsi, MKİ əməliyyatları üçün örtük rolunda çıxış edən bir sıra təşkilatlar, o cümlədən, ABŞ Milli Tələbə Assosiasiyası, Almaniyada nəşr edilən “Der Monat” və Britaniyada çap edilən “Inkaunter” jurnalları barədə ifşaedici materiallar işıq üzü gördü. Nəicədə, o dövrdəki ABŞ prezidenti C. Ford “Rokfeller komissiyası” yaradaraq, MKİ-nin ABŞ ərazisindəki fəaliyyətinə dair təhqiqat araşdırması aparmağı ona həvalə etdi.

Analoji komissiyalar ABŞ-ın qanunvericilik orqanında da yaradılmışdı. Konqresin Nümayəndələr Palatasında Kəşfiyyat üzrə komissiya xüsusi xidmət orqanlarının ABŞ vətəndaşlarına qarşı “qeyri-qanuni və ya ləyaqətsiz” şikayətlərinə baxmaq üçün “Payk komissiyası” yaratmış, Senatda isə Kəşfiyyat sahəsində dövlət siyasətinə dair “Çerç komissiyası” fəaliyyətə başlamışdı. Bütün bu komissiyaların apardıqları təhqiqat araşdırmaları nəticəsində ABŞ xüsusi xidmət orqanlarının sui-istifadə hərəkətləri barədə çoxsaylı faktlar aşkar edilmişdi.

Bundan sonra ABŞ rəhbərliyi MKİ-nin fəaliyyətinin məhdudlaşdırılmasına dair bir sıra qanunvericilik aktları qəbul etdi. MKİ-yə birbaşa və ya dolayı şəkildə siyasi qətllərdə iştirak etmək qəti qadağan edildi. Habelə, ABŞ ərazisində insanları güdmək, dinləmə cihazları quraşdırmaq, poçt göndərişlərini açıb oxumaq və ümumiyyətlə, istənilən növ müşahidə aparmaq yasaqlandı. Bu səlahiyyətlər Federal Təhqiqatlar Bürosuna (FTB) verildi. Əgər MKİ hər hansı bir ABŞ vətəndaşını xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilərdisə, o, FTB-yə müraciət etməli və FTB Xarici Kəşfiyyata Nəzarət üzrə Məhkəmənin icazəsinə əsasən, tədbirlər görə bilərdi.



MKİ-nin fəaliyyətinə nəzarət etmək üçün 1976-cı ilin may ayında Senatda, 1977-ci ildə isə Nümayəndələr Palatasında Kəşfiyyat üzrə daimi komitələr yaradılmışdı. Bu və ya digər əməliyyatı həyata keçirməmişdən əvvəl MKİ rəhbərliyi ABŞ prezidentinin razılığını almalı və Konqresin hər iki palatasını məlumatlandırmalı idi.

1981-ci ildə ABŞ prezidenti R.Reyqan “Şər imperiyasına” qarşı “Səlib yürüşü”nə başladı. O, MKİ-ni bir sıra məhdudiyyətlərdən azad etmək üçün qanunlara düzəlişlər etdi. Reyqanın bu siyasəti qalmaqallı “İran-kontras” əməliyyatına gətirib çıxardı. Bu əməliyyatın gedişi zamanı Konqresin xəbəri olmadan İrana silah satmaq, qarşılığında isə İslam İnqilabı zamanı girov götürülmüş amerikalıları azad etmək planlaşdırılırdı. Əldə edilmiş pulları isə Nikaraquadakı qiyamçı qüvvələrin maliyyələşdirilməsinə sərf etmək nəzərdə tutulurdu. Məlumatın kənara sızması nəticəsində ABŞ-da irimiqyaslı qalmaqal yaranmış və MKİ növbəti dəfə qınaq obyektinə çevrilmişdi.

Reyqanı prezident kürsüsündə əvəz etmiş Corc Buş (ata) özü də bir müddət MKİ direktoru olduğu üçün MKİ-nin fəaliyyətinə qoyulmuş bir sıra məhdudiyyətləri aradan qaldırmışdı. Məsələn, onun prezidentliyi dövründə qəbul edilmiş qanuna əsasən, MKİ əməkdaşları hətta dövlət başçılarının həlak olması ehtimalı olan əməliyyatlarda belə xarici hökumətlərin devrilməsində iştirak edə bilərlər. 1991-ci ildə SSRİ-nin süquta uğraması ilə nəticələnmiş “Soyuq müharibə”nin ABŞ-ın xeyrinə başa çatmasında Mərkəzi Kəşfiyyat İdarəsi əsas rol oynamışdı.

2004-cü ildə ABŞ Konqresi xüsusi xidmət orqanları sistemində islahatlar keçirmək qərarına gəlmişdir. Ölkənin kəşfiyyat orqanlarına bir-birləri ilə məlumat mübadiləsi aparmaq göstərişi verilib. Mülki və hərbi kəşfiyyat və əks-kəşfiyyat orqanları arasında hüquqi baryerlər aradan qaldırılıb.

2005-ci ilin oktyabr ayında Milli Kəşfiyyat direktoru Con Neqroponte Amerika kəşfiyyatının yeni konsepsiyasını açıqladı. Amerika kəşfiyyat orqanlarının qarşısında duran əsas məsələnin demokratiyanın inkişafına yardım göstərmək və demokratik dövlətləri hərtərəfli dəstəkləmək olması bəyan edilib. Fəaliyyət istiqamətlərindən biri də xarici kəşfiyyat xidmətləri ilə əlaqələrin genişlənməsi qeyd olunub.



Lakin həmişə olduğu kimi, terrora qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması prioritet məsələ kimi qalmaqdadır. ABŞ kəşfiyyat konsepsiyasında terror qruplarına nüfuzetmə üçün yeni yolların axtarılıb tapılması və məxfi silahların yaradılması proqramlarının ələ keçirilməsidir. Amerika kəşfiyyatı artıq kəşfiyyat məlumatları əldə etmək üçün “Soyuq müharibə”nin son illərində olduğu kimi, texniki vasitələrdən deyil, agentura kəşfiyyatından istifadə etmək qərarına gəlib. ABŞ-ın milli təhlükəsizliyinə əsas təhdidlər təbii resursların tükənməsi, ərazi, informasiya əldə etmək üçün digər dövlətlərin onunla rəqabət aparmasıdır. Habelə demokratiyaya qarşı olan digər ideologiyaların yayılması və ya öz mövqelərini möhkəmləndirməsi də qlobal siyasət yeridən ABŞ-ın qarşılaşdığı əsas maneələrdəndir.

ABŞ-ın rəqiblərinin və düşmənlərinin ənənəvi mübarizə vasitələrindən imtina edərək yeni texnologiyalara əsaslanan üsullara əl atması bu ölkəni çətin vəziyyətdə qoyub. Terror ABŞ-ın milli təhlükəsizliyinə və onun yaxın müttəfiqlərinə qarşı yönəlmiş ən əsas təhdid kimi qalmaqda davam edir.

Kütləvi qırğın silahlarının yayılması, nüvə, kimyəvi və bioloji silah növlərinin və onların komponentlərinin terrorçular və düşmən mövqedə dayanan dövlətlər tərəfindən ələ keçirilməsi ABŞ-ın milli təhlükəsizliyinə qarşı olan ikinci qrup təhdid mənbələridir. İkili təyinatlı texnologiyalar, o cümlədən müasir biotexnologiyalar, nanotexnologiyalar və digər qabaqcıl texnologiyalar həm də təhlükəli, dağıdıcı məqsədlərlə istifadə edilə bilər. Qloballaşma və qarşılıqlı asılılığın artması dünya dövlətləri üçün tərəqqi ilə yanaşı həm də yeni problemlər yaranmasına gətirib çıxarmışdır. Enerji resursları və satış bazarları əldə etmək uğrunda rəqabətin kəskinləşməsi, yoxsul və zəngin ölkələr arasında uçurumun dərinləşməsi və s. buna aid edilə bilər.

Qloballaşma eyni zamanda bir sıra Asiya dövlətlərinin, xüsusilə Çin və Hindistanın iqtisadi inkişaf tempinin yüksəlməsinə səbəb olub. Nəticədə onlar digər dövlətlərlə, o cümlədən, ABŞ və onun müttəfiqləri ilə təbii və xammal resursları, maliyyə kapitalı əldə etmək uğrunda kəskin rəqabət aparmağa nail olublar. Enerji resursları əldə etmək uğrunda mübarizə İran, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela kimi dövlətlərin geosiyasi mövqelərini xeyli dərəcədə möhkəmləndirib. Milli infrastrukturun mühüm elementləri təbii və texnogen fəlakətlər, irimiqyaslı terror aktları qarşısında bir o qədər də dayanıqlı deyil. Təhlükəli xəstəliklər və epidemiyalar digər dövlətlər kimi ABŞ-ın milli təhlükəsizliyinə bioloji silahların tətbiqi ilə müqayisə edilə biləcək dərəcədə təhdid yaradıb.

Rəsmi məlumatlara görə, 2005-ci ildə ABŞ-a qarşı doxsandan artıq ölkə kəşfiyyat fəaliyyəti aparıb. ABŞ-a qarşı gizli müharibənin əsas iştirakçı dövlətləri Çin, İsrail, Rusiya, Fransa, Kuba, Pakistan, Hindistan və Şimali Koreyadır.



MKİ-nin illik büdcəsi otuz milyard dollar təşkil edir ki, bu da Rusiyanın ümumilikdə götürülmüş hərbi büdcəsindən çoxdur. Bununla belə, MKİ-nin tarixində iflas hadisələri də az deyil. Məsələn, 2003-cü ildə İraqda kütləvi qırğın silahlarının olması barədə MKİ-nin məlumatları ABŞ-ın bu ölkəyə müdaxiləsi üçün əsas səbəb kimi göstərilsə də, sonradan bu məlumatların yanlış olması aşkar edildi.

2005-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin Şərqi Avropa ölkələrində gizli həbsxanalarının mövcud olması və orada terrorçuluqda şübhəli bilinən şəxsləri saxlanılması barədə məlumat beynəlxalq qalmaqalın yaranmasına səbəb olmuşdu. 2005-ci ilin noyabr ayında İsveçrə kəşfiyyatının yaydığı məlumata görə, gizli həbsxanalar Ukrayna, Rumıniya, Polşa, Kosovo, Makedoniya və Bolqarıstan ərazilərində yerləşir. 2004-cü ilin iyun ayında Böyük Britaniyanın “The Observer” qəzeti MKİ-nin Mərakeşdəki “Əl-Təməra”, Misirdəki “Mulhaq əl-Məzra” həbsxanalarından, habelə Qatar, Səudiyyə Ərəbistanı, Tailanddakı təcridxanalardan istifadə etməsi barədə məlumat yaymışdı.

ABŞ kəşfiyyat orqanının dəstəyi ilə Mərkəzi və Şərqi Avropanın sosialist ölkələrində “məxməri inqilablar” və SSRİ-nin parçalanması həyata keçirilib. MKİ bəzi post-sosialist Balkan və MDB ölkələrində “rəngli inqilablar” təşkil edib. Buna misal olaraq, keçmiş Yuqoslaviya, Gürcüstan, Ukrayna və Qırğızıstanda baş verən hadisələri göstərmək olar.

Nəzakət Məmmədova
Azvision.az üçün


Teqlər: CİA   MKİ   ABŞ-Kəşfiyyatı  





Xəbər lenti