“Aclıq oyunları” -4: Dığ-dığ quşları – VİDEOKÖŞƏ

      “Aclıq oyunları”   -4: Dığ-dığ quşları –    VİDEOKÖŞƏ
  17 Yanvar 2019    Oxunub:14538
6 il əvvəl Hollivud yaxşı reytinq və böyük pullar qazanan yeni filmi ekranlara buraxdı. “Aclıq Oyunları” adlanan film yazıçı Syuzan Kollinzin eyniadlı kitabının əsasında çəkilmişdi. Ardınca “Və ocaq alovlanır” adlı ikinci, “Mockingjay” adlı üçüncü hissə, yəni sikvel və trikvel də çəkildi. Mockingjay – quş adıdır, ona Azərbaycan dilində “zığ-zığ” deyirlər.
Amma indi belə görünür ki, yox, Hollivudin çəkdiyi film və Syuzan Kollinzin yazdığı bestseller roman əsl “Aclıq Oyunları” deyilmiş. Əsl aclıq oyunları, biclik oyunları, giclik oyunları indi Azərbaycanda gedir. Və bu oyunun özünün dığ-dığ quşları var.

“Oyunda aclıq olsa da, peşəkarlar toxdurlar”

Bu, Syuzan Kollinzin kitabından ən çox yadda qalan sitatlardan biridir. Və Azərbaycandakı “Aclıq Oyunları” siyasi realiti-şousunun kadrarxası reallığını göstərmək üçün əla işə yarayır.



Bütün bu hay-küy nədən başladı?! Ondan başladı ki, Mehman Hüseynovun guya aclıq aksiyası keçirməsi haqda ictimai-siyasi ehtirasları qızışdıran məlumatlar dövriyyəyə buraxıldı. “7 gündür acdır”, “8 gündür acdır”, “13 gündür acdır”... O isterika yəqin ki, yadınızdadır. Amma məlum oldu ki, bunların hamısı yalan imiş!

Normal halda bununla söhbət bağlanmalı, ehtiraslar yatmalı idi. Amma məntiqə zidd olaraq, məsələ bir az qızışdı. Mehman özü içəridə ac olmadığını dediyi halda, çöldəkilər ona dəstək üçün aclıq aksiyası keçirməyə başladılar. Bu, açığı, heç bir əndazəyə sığmırdı. İsveçrədəki qardaşı Emin Hüseynov isə açıq-aşkar xalqı dolamaqla məşğul idi. Əvvəlcə dedi ki, insan öz qida rasionunu tam yox, məsələn, yarısını yesə, bu da aclıq aksiyası sayılır. Sonra isə bildirdi ki, Mehman süd məhsulları ilə aclıq keçirir. Bu, təxminən ona oxşayır ki, adam burnunun bir deşiyini tıxayıb, nəfəs almadığını desin.
Maraqlı olan sadəcə bu idi ki, Emin Hüseynov bu sözləri deyəndə heç olmasa sifəti qızarırmı? Amma heyhat, adam vaxtında uzaqgörənliklə saqqal saxladığından, bunu müşahidə edə bilmədik.

Niyə dığ-dığ quşları bu qədər həyasızlıqla absurd fikirlər deyirlər, amma həqiqəti – yəni əslində Mehmanın aclıq aksiyası-filan keçirmədiyini heç bir vəchlə dilə gətirmək istəmirlər?! Bax, bu yerdə “Aclıq oyunları” romanından başqa bir gözəl sitat yada düşür:

“Həqiqəti çörəyə yaxmaq mümkün deyil”

Bəli, həqiqət süd məhsulları - məsələn, xama, yaxud, kəsmik deyil ki, onu çörəyə çəkib, həzm-rabedən keçirəsən. Qrantdan fərqli olaraq, həqiqəti yemək olmur. Ona görə, həqiqəti demək də heç kimə lazım deyildi; lazım olan bu idi ki, Mehman Hüseynov faktorundan istifadə edərək, necəsə, nəsə qazansınlar.

Məsələn, Avropadakı şəbəkə üçün bunu yolu səfiriklərin qarşısında piketlər və digər aksiyaların təşkili, Emin Hüseynov, Sevinc Osmanqızı və bir neçə digər bu cür tiplər üçün durmadan Mehmanın aclığından danışmaq idisə, Əli Kərimli üçün də mitinq keçirmək idi. Qətiyyən fərqi yoxdur ki, Mehman əslində necədir, nə edir, nə yeyir, nə içir... Bu adamlar faktın nə olmasından asılı olmayaraq, nə deməlidirlərsə, onu da deyəcəklər. Mehman ac qalsa da, süd məhsulları yesə də, ət məhsulları yesə də, fərqi yoxdur, onlar qabaqlarına atılacaq sümük məhsullarını gəmirə bilmək üçün mırıldanmalı olduqları sözləri mırıldanmalıdırlar. Bu yerdə “Aclıq Oyunları” romanından başqa bir gözəl sitat yada düşür:

“Əsas o deyil ki, sən kimsən; əsas odur ki, sənin simanda kimi görürlər”

Bəli, elə bir vəziyyət yarandı, daha doğrusu, yaradıldı ki, artıq Mehmanın kim olmasının, nə etməsinin, yaxud etməməsinin qətiyyən heç bir önəmi yoxdur. Onun simasında eminlər, əlilər, orduxanlar pul qazanmaq üçün, bu pulu onların qabağına atanlar isə Azərbaycana ləkə vurub, təzyiq etmək üçün vasitə görürlər. Mehmanın özü bu oyunda artıq heç kimdir, hətta piyada belə deyil. Çıxıb canlı efirdə kababı dişinə çəksə də, onun ətrafında qurulmuş təbliğat mexanizminin elementləri “Blogger aclıq edir” deyə, bağıracaqlar. Yada salaq, “Aclıq Oyunları”nın əsas qəhrəmanlarından biri necə deyirdi?

“Mən ancaq Kapitoliyə göstərmək istəyirəm ki, onların oyununda bir piyada olmaqdan daha artığam”

Görünür, Mehmanın içəridən elədiyi müraciət və yazığı məktub da buna bir cəhd idi. O, qardaşının da daxil olduğu şəbəkənin oyununda piyada olmaq istəmədi bəlkə də... Amma alınmadı. Çünki Mehman həmin şəbəkə-mexanizminin lap xırda bir vintidir. Onun fikirləri, müraciəti kimə lazımdır, kimə maraqlıdır? Əsas odur ki, mavr öz işini gördü, ehtirasları qızışdıdı, indi daha gedə... pardon, yeyə bilər.

Bu oyunlarda sadə vətəndaşın üzərinə bir böyük missiya düşür: Əslində nəyin baş verdiyini anlamaq. Bəli, bu, asan deyil. Çünki qarşı tərəf hisslər, emosiyalar müstəvisində oynayır, orada isə soyuq beyinlə düşünmək çox çətindir. Amma hər halda, çox ciddi şəkildə cəhd eləmək lazımdır. Əks halda siz də özgə oyununda piyadalar olacaqsınız. Sizdən istifadə edərək, bir dəstə pulunu qazanacaq, o biri dəstə Azərbaycanı gözdən salmaq işində yeni xallar udacaq, siz isə onların əlində vasitəyə çevriləcəksiniz. Siyasət dəllalarına, Aclıq Oyunlarının dığ-dığ quşlarına imkan verməyin ki, sizi bu qədər ucuz yolla vasitəyə çevirsinlər.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Siyasət   Aclıq-aksiyası   Mehman-Hüseynov   Mitinq  





Xəbər lenti