Vergilər Nazirliyi sahibkarları məlumatlandırır

Vergilər Nazirliyi sahibkarları məlumatlandırır
  17 Yanvar 2019    Oxunub:2129
Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergiödəyiciləri ilə görüş keçirilib.
Nazirliyin media və kommunikasiya mərkəzindən Azvision.az -a bildirilib ki, görüşdə bu il yanvarın 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər, vergi uçotunun şəffaflaşdırılması, “kölgə iqtisadiyyatı”nın minimuma endirilməsi, əmək münasibətlərinin leqallaşmasına dair qanunvericiliyin tələbləri ilə bağlı vergiödəyiciləri məlumatlandırılıb və bu məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Vergilər nazirinin müavini Sahib Ələkbərov Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin vergi sistemində aparılan islahatlar, şəffaflığın təmin olunması və “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına dair fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Nazir müavini vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı vergi uçotunun və sənədləşmə işlərinin düzgün aparılmasının və elektron qaimə-fakturalardan istifadə edilməsinin zəruri olduğunu vurğulayıb. Vergiödəyicilərinin nəzərinə çatdırılıb ki, hər bir müəssisədə qanunvericiliyin tələblərinə tam əməl olunmalıdır, əks halda bu həmin müəssisələrin qanunda nəzərdə tutulmuş ciddi maliyyə sanksiyaları ilə üzləşməsi ilə nəticələnə bilər. Vergilər Nazirliyinin apardığı təhlillər nəticəsində məlum olub ki, mebel, alkoqolsuz içkilər, rezin və plastik məmulatlar istehsalı sahələrində e-qaimə-fakturaların tətbiqi səviyyəsi 70-90 faiz səviyyəsində təmin olunursa, ev quşlarının yetişdirilməsi sahəsində bu göstərici 40 faiz, un istehsalı sahəsində 20 faiz, spirtli içkilər və qida sənayesi istehsalı sahələrində 10 faiz, bəzi sahələrdə isə hətta 5 faizdən aşağıdır.

Vergiödəyicilərinə bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.

Digər mühüm bir tələb işçilərlə əmək münasibətlərinin leqallaşdırılması ilə bağlıdır. Qeyd edilib ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunla qadağandır və sahibkarlar işçilərlə əmək müqaviləsi bağlamalı, təqdim etdikləri hesabatlarda real əmək haqlarını düzgün göstərməlidirlər. Belə hallara yol verilməsi gəlirlərin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənlərə maliyyə sanksiyaları tətbiq edilə bilər. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Diqqətə çatdırılıb ki, qanunvericiliyə əsasən, yeni maliyyə sanksiyaları qüvvəyə mindiyi gündən 1 il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən vergiödəyicisinə maliyyə sanksiyası tətbiq olunmur və yalnız rəsmi (yazılı) xəbərdarlıq edilir. Xəbərdarlıq edildikdən sonra vergiödəyicisi tərəfindən təkrarən belə hala yol verildiyi aşkarlanarsa, ona maliyyə sanksiyası tətbiq edilir.

Büdcə gəlirlərinin formalaşmasında hər bir vergiödəyicisinin rolunun olduğunu bildirən nazir müavini qeyd edib ki, şəffaf fəaliyyət göstərən və vergi orqanları ilə partnyorluq edən, gəlir və xərclərinin uçotunun düzgün şəkildə və vaxtlı-vaxtında aparan, qanunvericiliyin tələblərinə tam əməl edən vergiödəyicilərinin fəaliyyətinin təhlili göstərir ki, şəffaflıq daha əlverişli biznes mühitinin formalaşdırılmasının, həm vergiödəyicilərinin, həm də vergi orqanlarının fəaliyyətinin daha səmərəli olmasının əsas şərtlərindən biridir.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov mal dövriyyəsinin sənədləşdirilməsi, vergi uçotunun aparılması, müəssisələrin maliyyə göstəriciləri və təqdim olunan bəyannamələrdə rast gəlinən risk faktorları barədə danışıb.

Sonra tədbirdə iştirak edən vergiödəyicilərinin vergi qanunvericiliyində aparılmış dəyişikliklərlə bağlı çoxsaylı sualları cavablandırılıb. Görüşdə Bakı və regionlarda istehsal sahəsində fəaliyyət göstərən 200-dən çox vergiödəyicisi və Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi iştirak edib.

Azvision.az


Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti