Ötən il 6331 nəfərə işsizlik müavinəti ödənilib

Ötən il 6331 nəfərə işsizlik müavinəti ödənilib
  21 Yanvar 2019    Oxunub:1781
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2449 nəfərə işsizlikdən sığorta, 6331 nəfərə işsizlik müavinəti ödənilib.
Nazirlikdən Azvision.az -a verilən xəbərə görə, 2018-ci ilin əvvəlindən ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılıb. Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə işsizlikdən sığorta ödənişi verilir. Ötən il işsizlik müavinəti ödənilənlər isə əvvəlki, yəni 2017-ci ildə həmin müavinət təyin edilmiş və müavinətin ödənişi 2018-ci ildə davam edən şəxslər olub.

Eyni zamanda, keçən il Xidmət 2559 nəfəri peşə hazırlığına cəlb edib. Onlardan 1447 nəfəri qadınlar, 1270 nəfəri gənclər, 215 nəfəri məcburi köçkünlər, 85 nəfəri əlilliyi olan şəxslər və b. olub. Qeyd olunan dövrdə 118138 nəfər gənc isə peşəyönümü tədbirlərinə cəlb edilməklə, onlara əmək bazarında peşə və ixtisaslara olan tələbat, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti