Ölkədəki müəssisə və təşkilatların sayı 130 mini ötüb

  21 Yanvar 2019    Oxunub : 1598
Ölkədəki müəssisə və təşkilatların sayı 130 mini ötüb
Ötən il ərzində müəssisə və təşkilatların sayı 9,9 faiz artaraq bu il yanvarın 1-i vəziyyətinə 130 min 323 olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildiriblər ki, reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (30 faiz), İran (9,3 faiz), Böyük Britaniya (6,8 faiz), Rusiya (6,8 faiz), ABŞ (2,7 faiz) və Almaniya (1,8 faiz) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.

2018-ci ildə yeni yaradılmış müəssisə və təşkilatların 98,9 faizi xüsusi mülkiyyətli (o cümlədən 10,9 faizi tam xarici investisiyalı, 2,1 faizi birgə mülkiyyətli), 1,1 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.

Qeydiyyatda olan müəssisə və təşkilatların 55,5 faizi Bakıda yerləşir. Hesabat dövründə yeni yaradılmış müəssisə və təşkilatların 66,4 faizi paytaxtda, 9,6 faizi Abşeron, 6,9 faizi Aran, 4,8 faizi Quba-Xaçmaz, 4,6 faizi Gəncə-Qazax və 2,7 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıb.

İl ərzində Bakı şəhəri üzrə 409, Aran iqtisadi rayonu üzrə 67, Abşeron iqtisadi rayonu üzrə 43, Gəncə-Qazax iqtisadi rayonu üzrə 36, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 21, Naxçıvan Muxtar Respublikası üzrə 15, Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonlarının hər biri üzrə 10, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 7, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 5, Lənkəran iqtisadi rayonu üzrə isə 4 müəssisə ləğv edilib.

Cari il yanvarın 1-i vəziyyətinə ölkə üzrə müəssisələrin ümumi sayının 82,3 faizini kiçik müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (30,7 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (16,8 faiz), tikinti (10,9 faiz) və kənd təsərrüfatı (9,1 faiz) sahələrində yaradılıb. Kiçik müəssisələrin 58,4 faizi Bakıda, 12,1 faizi Aran, 7,7 faizi Abşeron, 5,5 faizi Gəncə-Qazax, 5,4 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.

Azvision.az

Teqlər: Müəssisə   DSK