Mədəniyyət İdarəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb

  21 Yanvar 2019    Oxunub : 927
Mədəniyyət İdarəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb
Hesablama Palatası Ağcabədi Regional Mədəniyyət İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan auditin nəticələri haqqında məlumat açıqlayıb.
Palatadan Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, Ağcabədi Regional İdarəsi üzrə 2017-2018-ci illərdə büdcə vəsaitlərinin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib. Audit 2017-2018-ci illər üzrə 13 563,4 min manat vəsaiti əhatə edib.

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin bazasında Mədəniyyət Nazirliyinin yaradılması ilə əlaqədar Regional İdarənin Əsasnaməsində müvafiq dəyişiklik edilməyib, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 30 iyun 1993-cü il tarixdə təsdiq etdiyi “7 (8) illik uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inzibati və xidmətedici heyətinin nümunəvi ştatı”nın tələblərinə əməl edilməyərək artıq ştat vahidləri saxlanılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların)" məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" qərarının tələblərinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 noyabr 2011-ci il tarixli 3-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın tələblərinə əməl edilməyərək artıq əmək haqqı ödənilib, “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə tədris planları”nın tələblərinə əməl edilməyərək artıq dərs saatları tarifləşdirilib, keçirilməyən dərslərə, sanatoriyada və xaricdə olan işcilərə əmək haqqı ödənilib, yerinə yetirilməyən cari təmir işlərinə görə vəsait ödənilib, “Azərbaycan Respublikası vahid büdcə təsnifatı”nın tələblərinə bir sıra hallarda əməl edilməyərək təyinatdankənar vəsait xərc edilib.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın tələblərinə riayət edilməyərək məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə vəsait ayrı-ayrı müqavilələrə bölünüb, satınalma kecirilmədən vəsait xərc edilib, satınalma prosedurları haqqında məlumatların göstərildiyi hesabat tərtib edilməyib, ehtimal olunan qiymətlər düzgün müəyyənləşdirilmədiyindən alınmış mallara (işlərə və xidmətlərə) görə artıq xərcə, müəssisənin funksional fəliyyətinə uyğun olmayan mallar alınmaqla səmərəsiz xərcə yol verilib, müqavilə şərtlərinə əməl olunmayaraq müqavilədə nəzərdə tutulmayan mal-material qiymətlilərinin alışı həyata keçirilib, təsdiq olunmuş müqavilə qiymətləri gözlənilməyərək artıq büdcə vəsaiti xərc edilib, bağlanmış satınalma müqavilələri barədə məlumatlari dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməyib.

İdarənin nəzdində fəaliyyət göstərən bir sıra kənd kulublarının, kitabxanaların və kənd mədəniyyət evlərinin fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradılmayıb, maliyyə hesabatları bəzi hallarda “Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilməyib, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri müvafiq illik maliyyə hesabatlarında düzgün əks etdirilməyib, əvəzsiz olaraq təhvil alınmış inventar, avadanlıqlar və kitabxana fondu uçota alınmayıb, "Torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlər"in balansdan balansa əvəzsiz keçirilməsi əməliyyatlarına mühasibat yazılışı düzgün verilməyib, aktivlər üzrə əvvəlki dövrlərdə hesablanmış amortizasiya xərci düzgün olmayaraq gəlirlər kimi uçota alınıb.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul etmiş, müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Ağcabədi Regional Mədəniyyət İdarəsinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Kollegiya qərarının və Auditor hesabatının surəti göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Azvision.az

Teqlər: Hesablama-Palatası