Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin iş saatı artırılıb
Qeyd olunub ki, yanvar ayının 21-dən Şahtaxtı-Poldəşt gömrük sərhəd keçid məntəqəsinin gündəlik iş saatı 12 saatdan 16 saata çatdırılıb. Artıq bu gömrük orqanları Bakı vaxtı ilə səhər saat 08:30-dan gecə saat 00:30-dək fəaliyyət göstərəcək.
İş vaxtının uzadılması vətəndaşların bu sərhəd-keçid məntəqəsindən istifadəsinin daha da yaxşılaşmasına, xarici ticarət dövriyyəsinin artmasına və tranzit imkanlardan daha geniş istifadəyə şərait yaradacaq.
Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsi beynəlxalq statusa malik gömrük orqanlarımızdan biridir. Burada müasir gömrük infrastrukturunun yaradılması, möhkəm maddi-texniki bazanın, o cümlədən X-Rey tipli rentgen nəzarət qurğusunun mövcud olması mallara və nəqliyyat vasitələrinə gömrük nəzarətinin çevik və effektiv şəkildə həyata keçirilməsinə imkan verir. Minik, tranzit və yüklü nəqliyyat vasitələrinin, eləcə də Azərbaycanın digər bölgələrinə gedən və əks istiqamətdə yük daşıyan nəqliyyat vasitələrinin buraxılışının təmin olunması bu gömrük orqanının muxtar respublikamızın xarici ticarət əlaqələrində rolunu və əhəmiyyətini artırır.
Azvision.az