“Boşanmaların sayının artması normal haldır” - Dövlət Komitəsi

   “Boşanmaların sayının artması normal haldır” -    Dövlət Komitəsi
  23 Yanvar 2019    Oxunub:3149
"Azərbaycanda son illərdə boşanmaların sayının çoxalması normal prosesdir"

Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, qadınlar ailə həyatı qurur və illər boyu zorakılığa məruz qalırlar.
"Ailədə qadına deyirik ki, zorakılığa dözməlisən. Qadınla bərabər uşaqlar da psixoloji təzyiqlərə məruz qalırlar. Bunu düşünmürlər. Bu gün insan haqlarından danışırıqsa, niyə qadın o zorakılığa dözməlidir?".

S.Qəhrəmanova bildirib ki, cütlüklərin boşanmadan sonra ailəyə münasibətlərinin normal qalması vacibdir: "Burada münasibətlər düşmənçiliyə çevrilməməlidir. Çünki onların uşaqları var və boşansalar belə valideyn məsuliyyətini yerinə yetirməlidirlər. Bu gün Azərbaycanda problemlərdən biri də alliment problemidir. Qadın uşaqları çətinliklə böyüdür, amma kişi alliment vermək istəmir. Onlar hesab edirlər ki, uşaqları elə qadın böyütməlidir. Bəzən də kişilər müraciət edirlər ki, allimentin məbləği azaldılmalıdır".

Sədr müavini hesab edir k, inkişaf etmiş cəmiyyətdə boşanmağa normal baxmaq lazımdır. O, əlavə edib ki, ajiotaj yaratmaq yox, problemin həlli istiqamətində işlər görülməlidir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Komitə   Boşanma  





Xəbər lenti