“Hazırda 34 şəhərin baş planı var" - Samir Nuriyev hesabat verdi

 “Hazırda 34 şəhərin baş planı var" -    Samir Nuriyev hesabat verdi
  25 Yanvar 2019    Oxunub:4082
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib.
Komitdən Azvision.az -a verilən məlumata görə, iclası giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sistemli və ardıcıl xarakterli islahatların həyata keçirilməsi, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi nəticəsində Azərbaycanda sosial-iqtisadi inkişaf təmin olunub, tikinti fəaliyyəti də daxil olmaqla bir çox sektorlarda əhəmiyyətli irəliləyiş əldə olunub. İqtisadiyyatın aparıcı sektorlarından biri olan tikinti sektorunun inkişafı ilk növbədə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir, böyük sosial əhəmiyyətə malikdir. Komitə sədri bildirdi ki, 2018-ci ildə ümumi sahəsi 2 084 700 kvadrat metr və ya ötən illə müqayisədə 3,3% çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.

Samir Nuriyev qeyd etdi ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan şərait, bu sahədə təmin olunan müsbət dəyişikliklər beynəlxalq təşkilatlar və aparıcı reytinq agentliklərinin də diqqət mərkəzindədir. Belə ki, həyata keçirilən islahatlar, öz növbəsində, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. Hesabata əsasən, Azərbaycan, həmçinin "Tikinti üçün icazələrin alınması" indikatoru üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib.

Komitə sədri bildirdi ki, ölkədə şəhərsalma fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biridir və bu proseslərin planlı, sistemli və şəhərsalma qanunvericiliyinə uyğun təşkil edilməsi ölkə başçısı tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında qoyulmuş başlıca vəzifələrdəndir. O, ölkə rəhbərliyinin tapşırıqlarına əsasən son dövrdə şəhərsalma sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi və Komitə tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verdi.

Şəhərlərin dayanıqlı inkişafını və idarə olunmasını təmin edən əsas ərazi planlaşdırılması sənədi baş plandır və bu gün Komitədə baş planların qanunvericiliyin tələblərinə və eyni zamanda aparıcı dünya təcrübəsinə uyğun hazırlanmasına xüsusi diqqət verilir. 2018-ci ildə Komitə Bakı şəhərinin baş planının hazırlanması işini müasir standartlara əsasən təşkil etmək məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi – “Boston Consulting Group” şirkətini əməkdaşlığa cəlb etmişdir. İki mərhələdən ibarət olan baş planın hazırlanması işinin artıq yekunlaşdırılmış 1-ci mərhələsi nəticəsində Bakı şəhərinin inkişafı konsepsiyası hazırlanmış, inkişaf prioritetlərinin istiqamətləri müəyyənləşdirilib.

Bununla yanaşı, birinci mərhələnin nəticələri əsasında beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin seçilməsi üçün müvafiq layihə tapşırığı hazırlanmış və şirkətin müəyyənləşdirilməsi üçün açıq tender elan olunub. Tenderin nəticələrinin 2019-cu ilin mart ayında elan olunaraq, Bakı şəhərinin baş planının hazırlanması işinin 2-ci mərhələsinə başlamaq planlaşdırılır.

Ötən il, həmçinin Sumqayıt şəhərinin baş planı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, Tovuz və Quba şəhərlərinin baş planlarının layihələrinin hazırlanması yekunlaşdırılmışdır, Biləsüvar şəhərinin baş planının işlənməsi isə başa çatmaq üzrədir. Eyni zamanda 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə daha 6 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmir) baş plan layihələrinin hazırlanmasına start verilib. Hazırda ölkəmizdə təsdiq olunmuş baş planları olan cəmi 34 şəhər var. Eyni zamanda 2019-cu ildə hazırlanmasına əvvəlki illərdə başlanılmış daha bir neçə şəhərin baş planlarının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunması gözlənilir.

Komitə sədri ölkə başçısının 2018-ci il ərzində imzaladığı bir neçə Fərmana əsasən, qurumun məsuliyyətinin artırılması, şəhərsalmanın planlaşdırılması, tikintinin layihələndirilməsi və təşkili sahəsində aparılan islahatlar barədə danışaraq “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanını xüsusi vurğuladı. Bildirildi ki, son Fərmana əsasən hazırlanaraq tezliklə istifadəyə veriləcək elektron sistem vasitəsilə tikinti sifarişçisi ilkin olaraq Bakı şəhəri üzrə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazəni “bir pəncərə” prinsipi əsasında elektron formada ala biləcək.

Daha sonra Komitənin Aparatının rəhbəri, Kadr məsələləri şöbəsinin müdiri və Komitənin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun direktoru 2018-ci ildə aidiyyəti sahələr üzrə fəaliyyətə dair hesabat məruzələri ilə çıxış ediblər.

İclas çərçivəsində, Komitənin kollegiyası tərəfindən ötən illər ərzində təsdiq olunmuş bir sıra layihələndirmə və tikinti normalarında Azərbaycan Respublikasının aidiyyəti qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar zəruri dəyişikliyin edilməsi barədə qərar qəbul edilib.

Azvision.az


Teqlər: Arxitektura   Şəhər  





Xəbər lenti