Mərkəzi Bank lotereyaya başlayır

Mərkəzi Bank lotereyaya başlayır
  30 Yanvar 2019    Oxunub:2612
Azərbaycan Mərkəzi Bankı (AMB) cəmiyyətdə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə fevralın 1-dən geniş əhali təbəqəsini əhatə edən, bütün ölkə miqyasında keçiriləcək "Kartla ödə, kartla qazan" adlı stimullaşdırıcı lotereyaya start verir.
Bankdan Azvision.az -a verilən məlumata görə, üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq fevral, mart və aprel aylarını əhatə edəcək. Bu dövrdə Azərbaycandakı banklar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcək. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə 1 şans verəcək.

Lotereyanın uduş məbləği 50 manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcək. Lotereyada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əməkhaqqı, təqaüd və tələbə kartları iştirak edəcək. Lotereya dövründə ümumilikdə ölkə üzrə 1800 nəfərin qalib olacağı planlaşdırılır.

Lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib. Ödəniş kartı emissiya edən bankların kommunikasiya və müştəri xidməti personalı təlimatlandırılıb. Azərbaycan Banklar Assosiasiyası lotereyanın kommunikasiyası üzrə Mərkəzi Bankın tərəfdaşıdır. Bank tərəfindən növbəti illərdə də analoji kampaniyaların keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, lotereya "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi" və "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" üzrə Mərkəzi Banka verilən tapşırıqlar çərçivəsində əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə keçirilir.

Azvision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti