Andersonun Leyli-Məcnunu - Murad Köhnəqala yazır

   Andersonun Leyli-Məcnunu -    Murad Köhnəqala yazır
  05 Fevral 2019    Oxunub:4402
Günlərin bir günü Azərbaycanda ədəbi-bədii tədbir keçirilirdi. Dünyanın hər tərəfindən gənc yazarlar tökülüşüb Bakıya gəlmişdi. Norveçdən olan Anderson adlı bir gənc şairlə möhkəm dost olduq. Bir gün təzə dost mənə zəng eləyib dedi, Bakını gəzmək istəyirəm, mənə bələdçi olmağını xahiş edirəm. Dedim, xahiş lazım deyil, səni məmnuniyətlə şəhərimizin hər tərəfi ilə tanış eləyərəm.
Səhər tezdən “Nizami” metrosunun qarşısında Andersonla görüşdük. O, çox şən və gümrah görünürdü. Fikrim, qonağı əvvəlcə İçəri Şəhərlə tanış eləmək idi. Eskolatordan metronun salonuna düşən kimi divardakı mozaik tablolara baxıb şəkillərin mənasını maraqla soruşdu. Mən ona başa saldım ki, burdakı tablolar ulu babamız Nizaminin yazdığı əsərlərin süjetlərinə uyğun yaradılıb. O, ən birinci Leylinin qəbri üstünə uzanaraq ağlayan, bir dəri, bir sümük qalmış Məcnunun şəklini göstərib soruşdu ki, bu, nə deməkdi? Mən Leyli-Məcnun əhvalatının harasından başlayıb danışacağımı fikrimdə xeyli götür-qoy elədim. Bəzi məqamların qaranlıq qalmaması üçün əhvalatı əvvəlindən danışmağı qərara aldım.

Dedim, ay Anderson, şair adamsan, bilməmiş olmazsan, bizim bu Nizami babamız ərəb nağıllarını yaman sevirmiş. Demək, şair yazır ki, qədimdə ərəb qəbilələrinin birində Leyli, birində isə Qeys adlı uşaq doğulur. Böyüyəndə valideynləri onları təhsil almaq, yəni din öyrənmək üçün mollaxana deyilən okula qoyur. Elə ilk gündən Qeys Leyliyə, Leyli isə Qeysə vurulur. Balaca uşaqların bir-birinə mehribanlığını hiss eləyən məllim məsələni uşaqların valideynlərinə çatdırır.

Əhvalatı eşidən qız atası övladını məktəbdən çıxarır. Bunu görən Qeys çox mütəəssir olur. O, hər dəfə dərsə gələndə Leylinin oturduğu yerə baxıb darıxır və ağlayır, fikrini cəmləyib dərs oxuya bilmir. Ata-anası Qeysin hər gün evə qanıqara gəlməyini görüb səbəbini soruşurlar. Uşaq axırda məcbur olub deyir, mən istəyirdim həmişə Leyli ilə oxuyum, dostluq eləyim, onu artıq atası məktəbə qoymur.

Qeysin atası onu danlayır ki, ay axmaq, xalxın qızı ilə nə işin var? Gəlmir, heç gəlməsin, sən dərslərini davam elə! Qeys deyir, ata, mən Leylini görməsəm, heç bir elmlə məşğul ola bilmirəm. Atası deyir, oğul, olmaya ona vurulmusan? Qeys də qayıdır ki, allahdan gizlin deyil, səndən nə gizlədim, onu görməsəm bağrım çatlayır. Atası deyir, oğul, onlar varlı tayfadı, bizə qız verməzlər, bir az böyü, sənə ayrı qız alacam. Qeys deyir, mənə yalnız Leyli lazımdı, yaşlı gözlərim başqa incini bəyənməz!

Bu tərəfdə də ev dustağı olan Leyli qan ağlayır. Atası deyir, qızım, öyrənmişəm, o Qeys avaranın biridi, ağlını başına yığ, eləsindən ötəri özünü üzmə! Qız deyir, atacan, mənə başqa adam lazım deyil, mən yalnız Qeysi sevirəm!

Beləcə, yeniyetmələr bir-birinin həsrətilə alışıb-yanırlar. Günlərin bir günü qohum-əqrəba yığılıb Qeysin atasına deyir, a kişi, görmürsənmi, uşaq günü-gündən saralıb solur, yol gedəndə “Leyli!” deyə-deyə bağırır? Gəl, elçi gedək, inci ilə mərcanı qovuşduraq.

Söhbətin bu yerində baxdım ki, Andersonun gözləri yaşarıb. Soruşdu ki, danış, sonra necə olur? Söylədim ki, atası qızını Qeysə vermir, deyir ki, sənin oğlun artıq dəli olub, hara gəldi “Leyli” yazır, hara getdi öz-özünə “Leyli” deyir. Mən dəliyə qız vermərəm!

Əhvalatı eşidən Qeys də getdikcə dəliləşir, artıq hamı onu Məcnun, yəni dəli deyə çağırır. Atası Məcnunu ocaqlara, pirlərə aparsa da xeyri olmur. Məcnun insanlardan baş götürüb səhraya qaçır.

Bu yerdə Anderson soruşdu ki, bəs niyə səhraya, qumluğa qaçır, yazıq o qumluqda neyləyəcək? Yaxınlıqda meşəlik-zad yoxuydumu?
Dedim, rəhmətliyin oğlu, bədəvi ərəbin yaşadığı yerdə meşə nə gəzirdi? Hə, Məcnun səhrada qanlı göz yaşları axıtdıqca səhrada qızıl güllər bitir. Bütün vəhşi heyvanlar Məcnunun başına yığışıb onun dərdinə şərik olur. İş o yerə çatır ki, Məcnunun başında quşlar yuva qurub, balalayır.

Anderson danışdığım hekayətdən vəcdə gələrək soruşdu ki, bəs o vəhşi heyvanlar Məcnunun başındakı quşları nə yaxşı, yeməyib? Dedim, bir dəfə tülkü arxadan atılıb quşun birini tutmaq istəyirmiş, şir öz beynəlxalq nüfuzu ilə birtəhər aranı sakitləşdirib. Hə, sözüm onda yox, sənə hardan xəbər verim, Leylidən! Leyli də o tərəfdə dəli olub, gündə ağac-daşla danışırmış. Atası onu zorla bir kişiyə ərə verir. Kişi də Leylini öz hərəmxanasına qatır.

Bu yerdə Anderson yenə müdaxilə eləyərək soruşdu ki, hərəmxana nədi? Dedim, səni necə başa salım? Məsələn, bir çobanın çoxlu qoyunu olduğu kimi, müsəlmanın da çoxlu arvadı olur. Leyli də o kişinin arvadlarından biri olur. Lakin kişi deyir, sən ki, belə qəlbiqırıqsan, səni hərəmdə ən baş arvad eləyəcəm. Leyli də ona arvad olmaq istəmir, evdən qaçıb səhraya Məcnunun yanına gəlir. Leylini səhrada görən Məcnun ona deyir, mənə əl vurma, sən o Leyli deyilsən!

Qanlı göz yaşları axıdan Anderson soruşdu ki, bəs, Məcnun niyə belə eləyir? Dedim, ərdən çıxan Leyli Məcnunun nəyinə gərəkdi? Anderson dedi, ərdən çıxanda nə olar ki, bəs bayaqdan deyirdi, sevirəm səni? Dedim, qardaş, sən belə şeyləri başa düşməzsən! Əsərdə Məcnunun dili ilə deyilir ki, mənə yad əlilə deşilmiş inci lazım deyil!

Qonaq ağlaya-ağlaya soruşdu ki, tez söylə görüm, Leylinin sonrakı aqibəti necə olur? Dedim, Leyli də səhranın digər tərəfinə üz tutaraq oradan qaçır. Günlərlə ac-susuz qalan Leyli səhrada ölür. Onun ölümünü eşidən bir dəri, bir sümük qalmış Məcnun qanlı göz yaşları içində Leylinin qəbri olan yerə gəlir. Sevdiyinin qəbri üstündə ağlaya-ağlaya canını tapşırır. Bax, bu, Məcnunun məzarı qucaqlayaraq ağladığı məqamdı!

Əhvalatı danışıb bitirdikdən sonra ağlayan Andersona baxıb, onu kövrəltdiyimə görə üzr istədim. Anderson dedi ki, mənim halım pisləşdi, ürəyim sıxılır, artıq şəhərdə gəzmək fikrindən vaz keçdim, yardım elə, qayıdım otelə.

Murad Köhnəqala
Azvision.az üçün



Teqlər:





Xəbər lenti