
“Azərişıq” ASC-nin sədri səlahiyyətlərini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, Beyləqan Elektrik Şəbəkəsində 22 min 480 abonent mövcuddur. Onlardan 20 min 728-i əhali, 1752-si qeyri-əhali kateqoriyasına aiddir. Rayonun elektrik enerjisi ilə təminatının və etibarlılığın artırılması məqsədilə istismarda olan avadanlığın texniki parametrlərini itirmiş və dispetçer əməliyyat çevrilmələrinin aparılması mümkün olmayan mövcud 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyası tam yenidən qurulub, hər biri 25 MVA gücünə malik iki transformator quraşdırılaraq 15 MVA yeni güc yaradılıb.

Yarımstansiyada 35 kV-luq hava xəttinin tikintisi və şəbəkə ilə əlaqələndirilməsi, Beyləqan və Ağcabədi rayonlarının 35 kV-luq dairəvi elektrik təchizat sxemlərinin yaradılması bu rayonlarda elektrik enerjisinin dayanıqlılığına və etibarlılığına, 110 kV-luq üç qovşaq yarımstansiyasının əlaqələndirilməsinə, eyni zamanda, yüklərin bir mənbədən digər mənbə üzərinə keçirilməsinə xidmət edəcək. Yenidən qurulmuş yarımstansiya vasitəsilə Beyləqan şəhərində, Mayak və Yuxarı Aran qəsəbələrində yaşayan 28 min nəfər əhalinin, eyni zamanda, şəhərdəki ictimai, sosial-mədəni, idman, müalicə obyektlərinin elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Həmçinin rayon ərazisində olan əkinçilik, pambıqçılıq və digər təsərrüfatların enerji təminatı tam ödəniləcək.

Bildirildi ki, “Beyləqan-1” yarımstansiyasında müasir tipli idarəetmə mərkəzi, 35-10 kv-luq qapalı paylayıcı qurğular məsafədən dispetçer idarəetmə sisteminə (SCADA) qoşulub. Yarımstansiyanın inzibati binasında işçilər üçün lazımi iş otaqları, yardımçı və texniki otaqlar yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıqlar salınıb.
Azvision.az