“İdeyadan Biznesə” layihəsinin ikinci mərhələsi başlayıb
İl ərzində startap turları Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Naxçıvan, Bakı, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəkini əhatə edəcək. Startap turu çərçivəsində iştirakçılara informativ sessiya, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək.
Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunur, ikinci hissədə onlar ideyalarını münsiflər heyəti qarşısında təqdim edirlər. Seçilmiş layihələr birincilik uğrunda mübarizə aparır. Hər çıxışdan sonra interaktiv sual-cavab və layihənin müzakirəsi baş tutur. Bu mərhələnin sonunda münsiflər hər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirir. Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanır.
Milli Finalda təşkilatçılar və tərəfdaşlar qalib gələcək ilk üç yerin sahiblərini mükafatlandıracaq. Həmçinin onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək. Turlarda “https://azvision.az/redirect.php?url=http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.
Qeyd edək ki, ötən il 8 regionda, 16 ali təhsil, 3 ümumtəhsil müəssisəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları keçirilib. Startap marafonuna 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarından 2 mindən çox iştirakçı qatılıb. Seçilən 75 komandadan 13-ü respublika finalında iştirak hüququ qazanıb. Finalda üç layihə qalib olub, daha dörd layihə isə tərəfdaşlar tərəfindən mükafatlandırılıb.
Azvision.az
Teqlər: Layihə