Azərbaycanda Vergi Ombudsmanı institutu yaradılır

  14 Fevral 2019    Oxunub : 2031
 Azərbaycanda Vergi Ombudsmanı institutu yaradılır
Vergilər Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclası keçirilib.
Qurumun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi işçilərini peşə bayramı münasibətilə təbrik edərək, nazirliyin fəaliyyətinin təkcə fiskal funksiyalarla məhdudlaşmadığını, vergi xidmətinin iqtisadiyyatın dövlət tənzimlənməsində mühüm rol oynadığını və onun sahibkarlığın inkişafında səmərəli bir tənzimləmə aləti olduğunu vurğulayıb. 2018-ci ilin yeni vəzifələrin və iş prinsiplərinin icrası və tətbiqi baxımından çox əhəmiyyətli dövr olduğunu deyən nazir ötən il vergi sistemində struktur və kadr islahatlarının aparıldığını, inzibatçılıqda yeni prinsiplərin tətbiq edildiyini, qanunvericiliyin təkmilləşdirildiyini diqqətə çatdırıb.

Vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin daha etibarlı şəkildə müdafiə edilməsinin, vergi apelyasiya sisteminin təkmilləşdirilməsininin vacibliyini xüsusi olaraq vurğulayan nazir bildirib ki, sahibkarların hüquqlarını qoruyan yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb. Vergi inzibatçılığının rəqəmsallaşdırılması prosesinin davam etdiriləcəyi, vergi xidmətləri və vergi nəzarətində yeni innovativ texnologiyaların tətbiqi istiqamətində tədbirlərin daha da genişləndiriləcəyini qeyd edən M.Cabbarov vergi əməkdaşlarının, xüsusilə audit sahəsində çalışanların bilik və bacarıqlarının artırılması, fəaliyyətinin qiymətləndirilməsi üçün yeni mexanizmin həyata keçirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Sonda vergilər naziri Mikayıl Cabbarov 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrin icrasının təmin edilməsi, vergi orqanlarının fəaliyyətinin müasir tələblərə cavab verən səviyyədə qurulması, nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Azvision.az

Teqlər: Vergi