Rəsulzadə və aşura

Rəsulzadə və aşura
  13 Noyabr 2013    Oxunub:2407
Dilman Şahmərdanlı

Qiyamətə kimi böyük müsibət tufanı qoparacaq bu hadisə haqda özümüzə ən az zəhmət verdiyimiş şey ağıl işlətməkdir. Bunu Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmmədəmin Rəsulzadə 14 noyabr, 1914-cü ildə “İqbal”da yazdı.
1) Bu məqaləyə dair təhlilim üç istiqamətdə cərəyan edəcək:
2) Rəsulzadənin Kərbəla vaqiəsinə və Aşura şəhidinə baxışı;
3) Müsəlmanları tənqid; Bu hadisədən aldığı və bizə verdiyi dərslər.

Rəsulzadənin Kərbəla vaqiəsinə baxışı

Rəzulzadə Aşuraya və məhərrəmliyə qarşı deyil. O tarixdə böyük bir müsibət baş verdiyini qəbul edir. Özü də bu dəhşətli müsibət adi bir insanın yox, Allah Rəsulunun nəvəsinin, iki aləm seyidəsi Fatimənin və ilk müsəlman, Peyğəmbərin əmisi oğlu və sağ əli, İslam xəlifəsi və ilk imam həzrət Əlinin oğlunun başına gəlib. Elə bir şəxsin başına ki, Allah Rəsulu onun Kərbəlada şəhid olmasını müsəlmanlara əvvəlcədən xəbər vermiş, göz yaşı tökmüş, qatillərini lənətləmişdi. Bununla da Hüseynə qarşı çıxanların kimliyini açıb göstərmişdi.

Hüseyn əleyhissalam adi şəxs olmayıb, onun böyüklüyü Peyğəmbər nəvəsi olmağına görə deyil. Kərbəlada və digər yerlərdə Peyğəmbərin digər nəvələri də şəhid olub. Amma onlarla bağlı belə geniş anımlar təşkil olunmur. Peyğəmbər digər nəvələri barədə Hüseyn əleyhisslamla bağlı danışdığı kimi danışmayıb. Rəsulzadə Hüseyni imam və “Kərbəlanın müəzzəm şəhidi” adlandırır. O, həyatı boyu İslama sadiq qalmış, bir an da olsun haqdan ayrılmamışdır. Elə onun zülmə etirazı və zalım xəlifə Yezidə qarşı çıxması və nəticədə bu yolda şəhid olmağı da, bəzi xəbərsizlərin dediyi kimi, şan-şöhrət və rəyasət üçün yox, haqq və ədalətin dirçəlişi uğrunda olmuşdur. Tarix özü şahiddir ki, zorla müsəlmanların rəhbəri olmuş Yezidin hakimiyyəti davam etsəydi və Hüseyn əleyhissalam ona qarşı çıxmasaydı və xalqı oyatmasaydı, İslamın fatihəsi oxunacaqdı. Bunu Hüseyn əleyhissalam özü də buyurmuşdur ki, Yezid kimisi rəhbər olsa, İslama fatihə!

Rəsulzadə deyir ki, Hüseyn əqidə və din şəhididir. O, “istiqaməti-fikir” və “səbati-məslək”dir və bu yolda cismən ölməyi əsla ölüm saymır. Böyük Seyidimiz buyurmuşkən: “Mövti-cismani ilə sanma mənim ölməyimi...” . Sağlam əqidə uğrunda olan cismani ölüm, ölüm deyil, əbədi sədaətin başlanğıcıdır: “Cismən ölüyor. Fəqət ruhən zində (diri) olduğunu isbat ediyor. İstiqaməti-fikr, sabati-məslək və bunların müqabilində vücudun heç bir əhəmiyyəti olmadığını nə müəssir bir surətdə izhar ediyor. Bu nöqteyi-nəzərdən məzlumi-Dəşti-Neynəva (Kərbəla səhrası məzlumu-D.Ş.) heç də məğlub deyildir”-deyən Məhəmmədəmin Rəsulzadə Hüseyn əleyhissalamı qalib sayır və onu qalibiyyətin ən uca zirvəsini fəth etmiş həqiqi mücahid adlandırır. O hansı zirvədir? Ruhun əzəmətinin qələbəsi! “O qalibiyyətin ən böyük bir dərəcəsini təşkil edən ruh əzəməti və qəlb qələbəsinə nail olmuş bir mücahidi-həqiqidir”.

Rəsulzadə yazır ki, Hüseyn əleyhissalam öz əqidəsi uğrunda təklikdən qorxmadı, hürkmədi, batil əhlinə təslim olmadı, tövbənamə yazmadı. Onun bütün yaxın dostları qırılmışdı, meydanda tək qalmışdı, amma zərrə qədər də zəiflik göstərmədi: “Yar və ənsari qırılmış, yalnız bir imam! Düşmən çox, aman yox! Ərsə təng. Ölüm mühəqqəq. Buradan qurtarmaq üçün yalnız bir vasitə var: tövbə və iltica!” O isə zalımlara boyun əyib alçaq kimi yaşamaqdansa, kişi kimi ölümü seçdi. Belə şəxsiyyətlər məğlub olmur və ölmür: “Buradan çıxılacaq yol mövcud olduğu halda imam ölümünə razı oluyor. Bidət etmək istəmiyor! Cismən ölüyor. Fəqət ruhən zində olduğunu isbat ediyor”.

Rəsulzadə həzrət Hüseyni böyük ruh sahibi kimi təqdim edir və deyir ki, belə şəxsiyyət biz müsəlmanlara örnək və öndər olmalıdır: “...imamın bu böyük ruhu ilə aşina olub ona imtisal etmək xəyalında heç olmuyoruz. Bəlkə də bu hal Kərbəla şəhidini qəbrində də rahatsız etməkdədir”.

O, Aşuranı məktəb kimi təqdim edir və deyir ki, bu məktəb dərs verməyə və bizi tərbiyələndirməyə qadirdir. Amma müsəlmanlar onu düzgün başa düşmürlər. Aşura məktəbinin müəllimi Hüseyn əleyhissalam özündən keçərək əbədilik qazanır. O, “halva-halva” deməklə ağızın şirin olmasına inanalardan deyil, o, həmçinin, saxta göz yaşları ilə günahlarının yuyulacağını və cənnət qazanacağını da düşünmür. O, inandığı həqiqətə əməl edir: “Aşura günü bizə böylə bir əxlaq tərbiyəsi vermək iqtidar və səlahiyyətində ikən, eyvah ki, biz onu başqa dürlü qandıq, hər şeydə olduğu kimi burada da narəftə bir yola düşdük. Hüseyn əleyhissəlam inandığı və etiqad elədiyi fikri üstündə ölməyincə özünün əbədi bir rəhmətə nail ola bilməyəcəyini göstərmiş ikən, biz "mən-mənə, o-ona, o-o yana" timsalından dörd əlli yapışıb səadət darini (əbədiyyət dünyasını) üç-dörd qətrə göz yaşı müqabilində veriləcək qədər ucuz bir şey sandıq”.

Rəsulzadə imandan və bəşərilikdən qaynaqlanan göz yaşlarına qarşı deyil. Onun tənqid etdiyi ağlamaq insana acizlik gətirən və onu həyat mübarizəsindən saxlayan göz yaşlarıdır. O deyir ki, savab əməlləri təkcə ağlamaqda görməyin: “Böyük Aşuranın müəzzəm şəhidinə imtisal edərək ruhi-qəhrəmanlığını dərk edəlim ki, ən böyük əcri də ancaq bundan ala biləriz!”
Yəni, Böyük Şəhidin yolunu getməklə ən böyük savaba girmək olar.

2. Müsəlmanları tənqid

Düşünmədən iş görmək. “Yalnız bu, qiyamətə qədər böyük bir tufani-müsibət qoparan vaqeə haqqında ən az işlətdiyimiz və ən az zəhmət verdiyimiz bir şey vardır: əql!”

Hadisənin mahiyyətinə varmaq. Rəsulzadə milləti Hüseyn hərəkatı üzərində dərindən düşünməyə səsləyir. Deyir ki, göz yaşları axıdıb, ağlı işə salmamaq bu böyük hadisəyə və Hüseyn əleyhissalama zülmdür. Bu zülm onu bəlkə qəbrində də narahat edir. Çünki o sizin ağlayıb-sızlamağınız üçün şəhid olmayıb. Çətinliklərə qarşı reaksiyalar içində əsas yeri göz yaşları tutursa, onda nə üçün onun özü sonu görünməyən leşkərə qarşı amansız döyüş nümayiş etdirdi, nə üçün ağlamayıb-sızlamadı? Hüseyn əleyhissalam Kərbəlada bir imam, ata, qardaş, dost olaraq ağladı, bəzən hönkürdü də. Bu məsələnin bir tərəfidir. Deyəsən, biz birtərəfli olmaqda, məsələnin ən zəhmətsiz və özümüzə ən rahat olan tərəfini seçməkdə qərarlıyıq― Ağlamaq, sızlamaq, vay-şivən salmaq: “Hal bu ki, bu kimi ictimai və siyasi vəqəələrdən (hadisələrdən-D.Ş.) istifadə edə bilmək və onun künhünə (mahiyyətinə-D.Ş.) və hikmətinə lüzumunca aşina ola bilmək üçün hissiyyatı bihudə yerə sərf edən göz yaşlarından ziyadə bundan faydalı nəticələr istehsal edə biləcək əqllə göz yaşlarını siləcək və millətlərə təskinlik bəxş edəcək bu böyük qüvvətə müraciət etməli və Aşura vaqeəsi üzərində düşünməlidir. Bu düşüncə bizə nə kimi bir hiss təlqin ediyor?”

Nə üçün çətinliklərlə qarşılaşdıqda Hüseyn əleyhissalam kimi çarə düşünmürük, niyə onu həyatımıza örnək götürməyək, elə: “hər qism bəla və müsibətləri ancaq ağlamaq və yalnız ağlamaq təriqi (yolu-D.Ş.) ilə istiqbal etmək məzlumiyyətinə öyrənən”olaq və rəhbərlərimizi də bədnam edək? Bu gün məhərrəmliyin tənqid atəşinə tutanlar araşdırma və mütaliə əhli olmadıqlarına görə elə vay-şivəni görüb “vay-şivən məntiqi” ilə qiymətləndirmə aparırlar. Bu problemin bir səbəbi Aşura məktəbini yaşatmaq istəyənlərdir ki, Aşuranın həqiqi mahiyyəti nədir, onu açıb göstərmirlər.

Yazıq camaat bəzi məscidlərdən nə öyrənsin? Uzun cümlə və kəlmələrlə danışan vaizlər, öz savadsızlığını gizləmək üçün izafətli, qəliz və kimsənin anlamadığı ərəb-fars kəlmələrilə söhbət edən xətiblər, fantastik səhnələr təsvir edən və camaatı ağlatmaq üçün “ağlatmaq sənətinin nə kimi artistlkləri varsa, hamısını icra ediyor” (Rəsulzadə, “İqbal”, 19 noyabr, 1913) olan rövzəxanlar xalqın Aşura həqiqətindən xəbərsiz qalmasının əsas baiskarlarındandır.

Aşura amillərini təkrarlamamaq. İl boyu nə qədər səhvlərə yol veririk, tükümüz də tərpənmir. Nə qədər göz yaşlarına sahib oluruq, evdə, işdə, çöldə nə qədər haqları tapdayırıq, sonra da Hüseyn əleyhissalam qatillərini pisləyirik və onlara “biş lənət” qışqırırıq. Bir halda ki, bu lənətlər özümüzü islah etmədikcə bizim özümüzə qayıdır. Biz də öz içimizdə hər gün dəyərlər hüseynlərini dəyərsizlik yezidlərinə təslim edirik və kərbəlalar yaradırıq. Bu gün biz də susmaqla İslam dünyasında Hüseyn övladları və ümmətinin qətlinə fərman verənlərlə bir cərgədə yer alırıq. Bizdə isə sanki: “Bu düşüncə bizə nə kimi bir hiss təlqin ediyor?” (M. Rəsulzadə) yoxdur. Buna görə də bizə qalan mənasız və hərəkət bəxş etməyən göz yaşlarıdır. Əslində biz Hüseynə yox, Hüseyn bizə ağlayır və bizim halımız: “Kərbəla şəhidini qəbrində də rahatsız etməkdədir”. (M. Rəsulzadə).

3. Bu hadisədən aldığımız dərslər.

Rəsulzadə tövsiyə şəklində bizə bu hadisə ilə bağlı yollar göstərib. Mən ümumi şəkildə gəldiyim nəticələri qeyd edirəm. Bunları Rəsulzadənin “Aşura”sını oxumaqla aydın şəkildə görərik.
a) Bu böyük hərəkatı düşünərək yaşamaq. Bu haqda oxumaq və araşdırmaq lazımdır. Bu istiqamətdə ədəbiyyat çox az da olsa, var.
b ) Tarixdən dərs alıb, günümüzə tətbiq etmək;
c ) Hüseyni təkcə məzlum kimi təbliğ etməmək. O həm də böyük əqidə qəhrəmanıdır.
d )Hüseyn imamdır, rəhbərdir. Onun amalına iqtida etmək, sözlərini həyat şüarı etmək lazımdır. Bir yerdə buyurub: “Zillət bizdən uzaqdır”.
e ) Hüseyni tanımaq və ona oxşamaq;
f )Şəhidlərə və qəhrəmanlara ən böyük ehtiram onların yolunu getməkdir.
g ) Aşura bir məktəbdir. Bu məktəbin rəhbəri Hüseyn, müəllimləri qətlə yetirilmiş və canlı şəhidlərdir. Aşura məktəbinin müəllimlərinin hər birində dərslər var. Rəsulzadəyə görə Aşura hadisəsinin bizi tərbiyə etməyə həm gücü və həm də haqqı çatır: “Aşura günü bizə böylə bir əxlaq tərbiyəsi vermək iqtidar və səlahiyyətində ikən...”
h ) Hər bir fərd yer üzündə Kərbəla müsibətlərinə bənzər hadisələrin baş verməsinə qarşı çıxmalı və onlara da matəm saxlamalıdır. Aşura mərasimlərində onlar da yad olunmalıdır. H. Cavid demişkən, hər bir fərd yer üzündə tökülən qan izni kəsməyə çalışmalıdır.
i ) Tarix təkrarlanır və tarixin müsbət və mənfi qəhrəmanları müəyyən fərqlərlə tarixdə özlərini büruzə verirlər. Bütün bunlara ibrət gözü ilə baxmalıyıq. Əks təqdirdə özümüz də bilmədən yezidi ruhiyyələrə qurban gedərik.
j ) Biz də Hüseyn əleyhissalam kimi: “fikir istiqaməti və əqidə səbatı ilə əməlpərvərlikdən kömək gözləyəlim.”
Bütün bunları biz axund oğlu AXC-nin banisi Məhəmmədəmin Rəsulzadədən öyrənirik. Öyrənirik ki, Aşura hərəkatı araşdırılmalıdır, təhlil olumalıdır və günümüz üçün nəticələr çıxarılmalıdır. Biz tarixi hadisələri yaşadırıq ki, onlardan dərs alaq və keçmişi unutmayaq. Keçmişimizin uğurlarını təkrarlayaq, təkmilləşdirək, onların səhvlərini görək və onların bir daha yaşanmasına imkan verməyək. Həmçinin, düşməni tanıyaq, hiylələrini bilək və onların amallarına iqtida edən müasirlərinin eyni fəlakətləri təkrarlamalarına icazə verməyək.


Teqlər:





Xəbər lenti