Türkiyəli nazir prezidentin qəbulunda - FOTOLAR (Yenilənib)

  20 Fevral 2019    Oxunub : 1408
 Türkiyəli nazir prezidentin qəbulunda - FOTOLAR (Yenilənib)
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşü olub.
Azvision.az xəbər verir ki, Fatih Dönməz görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi qeyd edən Fatih Dönməz Türkiyənin bu layihənin ilk mərhələsindən Azərbaycanın yanında olduğunu vurğulayıb. O, Cənub Qaz Dəhlizi layihəsinin icrasının uğurla davam etdirildiyini bildirib. İndiyədək TANAP layihəsinin və STAR neft emalı zavodunun açıldığını xatırladan Fatih Dönməz belə layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.



Prezident İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında yüksək səviyyədə iştirakına görə minnətdarlığını bildirbi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə imzalanan bu layihənin təməlinin TANAP ilə qoyulduğunu vurğulayan dövlət başçısı onun tarixi əhəmiyyətini qeyd edib, TANAP-ın rəsmi açılışını xatırladıb. Dövlət başçısı Türkiyə ilə birlikdə bu layihənin qısa müddətdə başa çatdırılmasının böyük nailiyyət olduğunu vurğulayıb.

Türkiyə-Azərbaycan əməkdaşlığının bütün sahələrdə, o cümlədən enerji sahəsində də böyük nəticələrə gətirib çıxardığını qeyd edən Prezident İlham Əliyev məmnunluqla bildirib ki, indiyədək 1 milyard kubmetrdən çox qaz yeni xətt vasitəsilə Türkiyəyə çatdırılıb. STAR neft emalı zavodunun fəaliyyətə başlamasının önəmini vurğulayan Prezident İlham Əliyev bildirib ki, bir neçə milyard dollarlıq sərmayə bu gün artıq nəticə verir.



Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması üzrə işlərin uğurla davam etdirildiyini söyləyib.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.





Azvision.az

Teqlər: İlham-Əliyev