Ədliyyə naziri Dünya Bankının rəsmisilə görüşüb
Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru xanım Mersi Tembon ilə görüşüb. Azərbaycan və Dünya Bankı arasında səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə aparılan və beynəlxalq aləmdə təqdir olunan məhkəmə-hüquq islahatları, o cümlədən infrastrukturun müasirləşdirilməsi, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə görülən işlər barədə məlumat verib, bu sahədə Dünya Bankının dəstəyini qeyd edib. Həmçinin ədliyyə sistemində digər innovasiyaların tətbiqindən və nailiyyətlərdən bəhs edib, vətəndaşlara xidmət sahəsində fəaliyyətə könüllülərin cəlb olunduğunu bildirib. Nazir ölkəmizin bu sahələrdə uğurlarına beynəlxalq maraq artaraq bir çox dövlətlərin müsbət təcrübəmizdən bəhrələndiyini vurğulayıb.
Azərbaycanın hərtərəfli tərəqqisinin Dünya Bankının "Doing Business 2019" hesabatında əks olunduğunu və ölkəmizin dünyanın 10 ən islahatçı dövlətlərdən olduğunu qeyd edən xanım Mersi Tembon səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini, dövlətimizin başçısının məhkəmə sisteminin inkişafına və bu sahədə Bank ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsinə önəm verməsini məmnunluqla qeyd edib.
O, Dünya Bankının Ədliyyə Nazirliyi ilə əməkdaşlığını təqdir edərək, ədliyyə sahəsində görülən uğurlu işlərin dünyada örnək olduğunu vurğulayıb, həyata keçirilən layihənin gedişatından və nəticələrindən heyranlığını ifadə edərək, Şəkidə Məhkəmə Kompleksi ilə tanış olarkən məhkəmə sisteminin müasirləşməsinin ən yüksək səviyyəsinin şahidi olduğunu söyləyib.
Bildirib ki, Azərbaycanın bu sahədə nailiyyətləri dünyanın nadir ölkələrində rast gəlinir. Məhkəmə sistemində müasir texnologiyaların tətbiqi, video-konfransların keçirilməsi üçün hər cür şəraitin yaradılması əhalinin, o cümlədən həssas təbəqələrin ədalət mühakiməsinə əlçatanlığına, məhkəmə fəaliyyətinin şəffaflığına və səmərəliliyinə xidmət edir. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, ölkəmizin bu sahədə nailiyyətlərinin dünyada daha geniş yayılmasının əhəmiyyəti qeyd edilərək birgə tədbirlərin keçirilməsi barədə razılığa gəlinib, Dünya Bankının məhkəmə-hüquq islahatlarına bundan sonra da dəstək göstərməyə hazır olduğu bildirilib. Qonaq nazirlikdə Azərbaycan ədliyyəsinin tarixi muzeyi ilə tanış olub.
Azvision.az
Teqlər: Ədliyyə Dünya-bankı