Avropa azərbacanlılarının Qarabağ mitinqi - FOTOLAR
Azərbaycan himninin səsləndirilməsi ilə başlayan aksiya İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının sədri Günel Səfərovanın moderatorluğu ilə keçib.
Mitinqdə çıxış edən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ingilis, alman, fransız, italyan, rumın və digər dillərdə “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və digər şüarlarla Avropa Parlamentinə, beynəlxalq təşkilatlara çağırış ediblər.
Mitinq iştirakçıları 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla bütün azərbaycanlı əsir və girovların azad edilməsi, Ermənistan tərəfinin münaqişə ilə bağlı qəbul edilmiş məlum beynəlxalq sənədlərin qərarlarını yerinə yetirməsi tələblərini səsləndiriblər. Aksiyanın sonunda Avropa Parlamentinə ünvanlanan bəyanat qəbul edilib. Bəyanat Avropa Parlamentinin məsul şəxsləri, beynəlxalq təşkilatlar, səfirliklər, bir çox dövlət və hökumət rəhbərləri daxil olmaqla 2000-dək ünvana çatdırılıb.
Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb.
Media nümayəndələrinin də iştirak etdikləri izdihamlı mitinq kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə geniş işıqlandırılıb.
Azvision.az
Teqlər: Avropa Brüssel Mitinq Qarabağ