Gedin, o yanda utanın! - Murad Köhnəqala yazır

  27 Fevral 2019    Oxunub : 2484
 Gedin, o yanda utanın! - Murad Köhnəqala yazır
Ötənlərdə Facebook sosial şəbəkəsində bir lətifəni status kimi paylaşmışdım. Lətifənin canı sonundakı bir vulqar ifadədə olduğuna görə həmin sözü olduğu kimi yazmışdım. Ancaq bilirdim ki, bu ifadəyə görə məni qınayanlar, tərbiyəsizlikdə ittiham edənlər, söyənlər çox olacaq. Belə də oldu. Lətifəyə gülüb kef eləyənlərlə yanaşı, üstümə hücuma keçən “mərifətli”lər də ortaya çıxdı.

Ümumiyyətlə, gənclər mənə ağıl öyrədəndə lap dəli oluram. Fikirləşirəm ki, a kişi, mən bunun yerinə vulqar sözlər işlədir, nitqində canlanma yaradır, həyatının dinamikasını artırmaq istəyirəm, bu isə mənim qabağıma keçib, qolumu tutur, gənc yaşında erkən müdriklik eləyir.

Açığı, sırtıq və müdrik gənc görəndə əsəbləşirəm. Hər iki hal şit olur, onlar eyni bezin qırağıdılar.
Hə, bir xanım lətifəyə rəy bildirərək mənə yazır ki, məllim, bəs, ayıb döyülmü, səni el-oba tanıyır, bunu oxuyanlar sənə nə deyər? Olan-qalan hörmətini də itirməzsənmi? Adam belə biədəb söz işlədərmi?

Ay xanım, birincisi, lətifə olduğu kimi danışılmalıdır. Yəni lətifə sənə necə gəlib çatıbsa, sən də onu zədələmədən, olduğu kimi ötürməlisən. Lətifə insanın zəkasını itiləyir, əhvalını yüksəldir, həqiqəti anladır, tərkibindəki yumor adama pozitiv enerji verir, ömür uzadır. Lətifəni danışarkən ortasında dayanıb üzr istəmək, yaxud mərifət xatirinə orijinaldan sapmaq yolverilməzdi. Odur ki, hər yerindən duran lətifəni düzgün yaza, məzəli danışa bilməz.

Mənim düşüncəmə görə, həddən artıq mərifətli olmağın özü bir mərifətsizlikdi. Həyat boyu belə “mərifətli”lərdən çox mərifətsizliklər görmüşəm. Onların hər “mərifət”indən beş mərifətsizlik doğur. Belə “mərifətli” adamlar oturduqları məclisdə, adi çayxana söhbətlərində belə, ətrafdakıları öz sıxıntısının əsiri eləməyə çalışırlar. Fikirləri belədi, mən açıq, vulqar danışmıramsa, sən də danışmamalısan.

Özü də, kəndilərini həmişə haqq sayarlar. Fikir vermisinizsə, belələri, adətən, fikirlərini dini kəlamlar, ayələr kimi “endirərlər”. Onlara demək gərək ki, balam, sən kvadrat ölçüdə, qısır danışmaq istəyirsən, mənsə belə danışmağı sevmirəm. Səndən vulqar danışmağı tələb eləmədiyimiz kimi, sən də məndən çərçivədə danışmağı tələb eləmə! Mən dilin bütün qatlarından istifadə eləmək istəyirəm, sən isə nitqinin şikəstliyini “mərifət” adı altında camaata sırımaq istəyirsən. O boytdana Puşkin rus dilində işlənən vulqar ifadələri yığıb kitab şəklində çap elətdirmişdi ki, dilin bu qatı it-bata düşüb, ölməsin.

Ümumiyyətlə, utancaq adamlar öz sıxıntılarıyla, istər-istəməz, ətrafdakıları sıxır, gərgin ortam yaradırlar. Öz utancaq qadağaları ilə orta məktəbdə öz tay-tuşlarını, tələbəlik illərində bir yerdə yaşadığı otaq yoldaşını, səfərlərdə otel yoldaşını yersiz korrektə etməkdən boğaza yığırlar.

Statistikaya görə, dünyada indiyə qədər mövcud olan ən qorxulu manyaklar xaraktercə utancaq, mərifətli və qaradinməz adamlardır. Onlarda hər şeyi gizlətmə, üstünü örtmə kompleksi yarandığına görə, hisslərini biruzə verə bilmirlər və tədricən gizlinə keçirlər. Hər şeyi gizlində eləməyə çalışırlar. Onlar get-gedə gizlin ustası olurlar. Ən usta detektivlər belə, onların törətdiyi seriyal qətllərin üstünü açmaqda uzun müddət çətinlik çəkirlər.

Mənim bir dostumun utancaq bir tanışı vardı. Utancaq adamlarla mənimki tutmadığına görə, onunla təsadüfdən-təsadüfə görüşə bilirdik. Bir gün dostum mənə dedi ki, həmin utancağın ailə həyatında ciddi problem var, yazıq az qalır intihar etsin. Sən demə, bu utancaq yoldaşın prostat vəzində fəsadlar yaranıb, cinsi əlaqədə olarkən akt həddən artıq tez bitir. Həyat yoldaşı dəfələrlə israr eləsə də utancaq yoldaş həkimə getməyə utanır.

Bəli, utancaq hamını boğaza yığıb vərəmlədəcək, ancaq həkimə getməyə utanacaq! Dostumdan soruşdum ki, bəs nə əcəb, utancaq yoldaş öz mötəbər sirrini sənə açıb? Dedi, neçə ildi sozalırdı, dərdini mənə deməyə utanırdı, bıçaq sümüyə dirənəndən sonra söhbəti açıb. O da necə? Bir gün baxdım ki, üzümə baxsa da mənə qulaq asa bilmir, fikri tamam başqa yerdədir. Bu halının səbəbini dirənib soruşandan sonra bir neçə cümləlik söhbəti, zorla, iki saata öyrənə bildim. İndi də həkimə getməyə utanır.

Dostum danışdıqca həmin “utancaq yoldaş” gözlərimin qarşısında canlanır və məni  əsəbləşdirirdi.


Teqlər: