“Kreditlərlə bağlı bütün cərimə və faizlər ləğv olunacaq” - Ekspert şərh edir

 “Kreditlərlə bağlı bütün cərimə və faizlər ləğv olunacaq” -  Ekspert şərh edir
  28 Fevral 2019    Oxunub:13459
"Banklar tərəfindən hesablanmış bütün cərimələr və faizlər ləğv olunacaq"

İqtisadçı-ekspert Vüqar Bayramov Prezident İlham Əliyevin bu gün “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanını şərh edib.
Ekspert Azvision.az -a bildirib ki, fərmana əsasən, 2012-ci ilin yanvarın 1-dən 2015-ci il fevralın 21-dək (birinci devalvasiya) götürülən kreditlərin hər bir dollarına 25 qəpik güzəşt tətbiq olunacaq.

"10 000 dollarlıq kredit üçün 2500 manat güzəşt tətbiq ediləcək. Əgər şəxs krediti devalvasiyadan öncə götürmüşdüsə, həmin vaxt 10 min dollar 7800 manat idisə, birinci devalvasiyadan sonra bu məbləğ 10500 manat olub. Həmin 10500 manatdan 2500 manat çıxılacaq və 8000 manat hesablanacaq. Bu da imkan verəcək ki, devalvasiyadan əvvəlki manatla olan məbləğə uyğun olsun. Bu, 8000 manatın əsas məbləğ kimi hesablanması anlamına gəlir".



V.Bayramovun sözlərinə görə, 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək (ikinci devalvasiya) olan kredit müqavilələrinin hər dollarına 60 qəpik güzəşt tətbiq olunacaq: "Belə ki, bu, 10000 dollarlıq kreditləri üçün 6000 manat güzəşt edilməsidir. Kreditin manat ifadəsində kəskin azalması anlamına gəlir. Hər bir fiziki şəxsə ödənəcək məbləğ 5000 dollardan çox olmayacaq. Bu, o deməkdir ki, 10000 dollarlıq kredit üçün müəyyənləşdirilmiş güzəşt 5000 dollaradək ola bilər. Vətəndaş 10000 dollarlıq kreditin yarısına qədər güzəşt əldə edəcək. Banklar tərəfindən hesablanmış cərimələr və faizlər ləğv olunacaq. Fərman tövsiyə edir ki, məhkəmələrdə kreditlərlə bağlı işlərin geri qaytarılması təmin olunsun. Manatla qalan məbləğin ödənilməsi üçün banklar vətəndaşlara 5 il müddətinə illik 1 faiz olan kreditlər təklif edəcək. Devalvasiya nəticəsində yaranan fərq dövlət tərəfindən praktiki olaraq qarşılanır, qalan hissəni isə vətəndaş 5 illik 1 faizlik kreditlə ödəyəcək. Bu, fiziki şəxslərə aid olacaq və xarici valyuta ilə götürülmüş kreditlərə verilən güzəştdir. Güzəşt bütün banklardan götürülmüş xarici valyuta olan kreditlərə aiddir".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmanla BURADAN tanış ola bilərsiniz.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ekspert   Vüqar-Bayramov   Kredit  





Xəbər lenti