Azərbaycan Kənd Qadınları Assosiasiyası yaradılıb

Azərbaycan Kənd Qadınları Assosiasiyası yaradılıb
  05 Mart 2019    Oxunub:3289
Kəndlərdə aqrobizneslə məşğul olan fermer qadınlar Azərbaycan Kənd Qadınları Assosiasiyasında birləşiblər.
Azvision.az xəbər verir ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Assosiasiyanın təqdimat mərasimi keçirilib. 350 kənd qadını ilə yanaşı, tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Kənd Təsərrüfatı naziri İnam Kərimov qadınları qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb. “Aqrar sahənin inkişafı, kənd əhalisinin rifah halının yaxşılaşdılrılması üçün atılan hər bir addımda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyinə əmin ola bilərsiniz”, - nazir deyib.

Kənd Qadınları Assosiasiyası ölkədə Qadın İnkişaf Qruplarının milli şəbəkəsi kimi fəaliyyət göstərəcək. Təşkilatlanma qadınların hazırda fəaliyyət göstərən qruplarını gücləndirəcək və yeni qrupların yaradılmasına xidmət edəcək. Təşkilatdan biznes inkubatorlara dəstək verilməsi və rəsmi maliyyə kanallarına çıxışın təmin edilməsi də gözlənilir.

“Qadın İnkişaf Qrupları Azərbaycan Kənd Qadınları Assosiasiyası vasitəsilə regional və ölkə səviyyəsində şəbəkələşəcək. Bu, onlara öz bizneslərinin həcmini və miqyasını genişləndirməyə imkan verir. AKQA həm də onlara resurslar tapmaq və öz məhsullarını satmaqda kömək edəcək. 2019-ci ilin mart ayının sonuna kimi Azərbaycan Kənd Qadınları Assosiasiyasına 500 nəfər kənd qadınını özündə birləşdirən 40 Qadın İnkişaf Qrupunun üzv olması gözlənilir” - Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev belə bildirib.
Assosiasiyanın özəyi olan Qadın İnkişaf Qrupları 2018-ci ilin martından Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində yaradılmağa başlanıb. Qadınların iqtisadi səlahiyyətləndirilməsi üzrə bu innovativ modeli hazırda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Dünya Bankı ilə tərəfdaşlıqla həyata keçirilir. İndiyədək 361 qadını özündə birləşdirən 30 Qadın İnkişaf Qrupu yaradılıb.

“Qadın İnkişaf Qrupları 10-20 qadından ibarətdir. Bu qruplara maliyyə savadlılığı, biznes və həyat bacarıqları üzrə təlimlər verilir. Bizim dəstəyimizlə İcma Biznes Təbliğatçıları və Kənd Biznes Mütəxəssislərindən təşkil olunmuş dörd biznes inkubatoru yaradılıb və onlar sahədə marketinq araşdırması, uçot aparılması və maliyyə təhlili kimi biznes inkubasiya və inkişaf xidmətləri təklif edirlər. Kəndlərdə qadın qruplarına dəstək göstərmək məqsədilə təlim almış və yüksək biznes bacarıqlarına malik gənclərdən ibarət kadr heyəti yaradılıb”- AKİA sədri qeyd edib.

“Bizim vəzifəmiz ilk növbədə kənd təsərrüfatını inkişaf etdirmək olsa da, kənd yerlərində məşğulluğun artırılması, əhalinin rifah halının yaxşılaşdırılması məqsədi ilə qadınların bütün təşəbbüslərini dəstəkləyirik. Digər tərəfdən, kənd təsərrüfatında mövsümi işlərin çoxluğu müəyyən zamanlarda xeyli asudə vaxt yaradır. Bu müddətdə işlə məşğul olub qazanc əldə etmək həm də növbəti mövsümdə kənd təsərrüfatına daha çox yatırım imkanının yaranmasıdır. Məsələn, yola şirniyyat evi, təndir, xalça toxuma sexi, inkubator kimi bizneslərlə çıxmış qadınlar indi qarşılarına aqrobiznes ilə bağlı məsuliyyətli hədəflər qoyub, pambıqçılıq, baramaçılıq, üzümçülük, bağçılıq, eləcə də quşçuluq və heyvandarlıq kimi aqrobiznes sahələrində də özlərini sınayırlar. Fəaliyyətə başlamış olan 30 qadın qrupundan 17-si artıq özlərinin aqrobizneslərini yaradıb” – Mirzə Əliyev deyib.

Azvision.az


Teqlər: KTN  





Xəbər lenti