Növbəti hərracın nəticələri açıqlandı

  05 Mart 2019    Oxunub : 1233
Növbəti hərracın nəticələri açıqlandı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 5-də keçirilən növbəti hərracda 18 dövlət əmlakına 5-i elektron olmaqla ümumilikdə 43 sifariş qəbul edilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, müxtəlif kateqoriyalı cəlbedici dövlət əmlakları budəfəki hərracda da vətəndaşların marağına səbəb olub. Dövlət əmlakı və sifariş sayı arasındakı fərqlə hərrac rəqabətli mühitdə keçib. Komitənin elektron resurslarından dövlət əmlakları üzrə seçim edən vətəndaşlardan 5-i onlayn formada sifariş verərək hərracda iştirak statusu qazanıb. Hərracda özəlləşdirilən dövlət əmlaklarından 3-ü kiçik dövlət müəssisəsi, 4-ü qeyri-yaşayış sahəsi, 10-u nəqliyyat vasitəsi, digəri isə yarımçıq tikilidir.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrindən biri Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsindəki “Tələbə” İcarə Müəssisəsidir. Obyektin ümumi faydalı sahəsi 279,2 kvadratmetr, birlikdə özəlləşdirildiyi torpaq sahəsi isə 320,8 kvadratmetrdir. Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binasının isə ümumi faydalı sahəsi 119 kvadratmetrdir. Bu dövlət obyekti də iştirakçı tərəfindən torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Qeyri-yaşayış sahələrindən biri paytaxtda, digərləri isə respublikanın şəhər və rayonlarında yerləşir. Hər bir qeyri-yaşayış sahəsinin ticarət, ictimai iaşə və digər xidmət sahələri üzrə potensial fəaliyyət imkanları mövcuddur. Bakı Şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsindəki obyektin ümumi faydalı sahəsi 266,7 kvadratmetrdir.

Avtomobil sahibi olmaq istəyənlərin fəal iştirakı ilə hərracda rəqabətli mühit yaranıb. Özəlləşdirilən avtomobillərdən 8-i üzrə ümumilikdə 32 sifariş verilib. Buraxılış ili 2009-cu il olan “Volkswagen” markalı nəqliyyat vasitələrinin ilkin hərrac qiymətləri 7 min 200 ilə 7 min 500 manat arasında təyin olunub. Rəqabət nəticəsində bu dövlət əmlaklarının son qiymətləri 9 min 200 manat ilə 9 min 700 manat arasında olub. Eyni hal “Chevrolet Niva” markalı avtomobil üçün də xarakterikdir. Belə ki, buraxılış ili 2010-cu il olan nəqliyyat vasitəsinin ilkin qiyməti 4 min manat təyin olunsa da, qalib iştirakçı onu 7 min 600 manata özəlləşdirib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevral ayı üzrə keçirilən hərraclarda 50-dək dövlət əmlakı özəlləşdirilib. Onlar arasında səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri, yarımçıq tikili və nəqliyyat vasitələri var. Dövlət əmlaklarının özəlləşdirilməsində növbəti iştirak imkanı martın 12-də yaradılacaq. Hərracda 96 dövlət əmlakı üzrə seçim imkanı var. Bu dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyət, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə dövlət əmlakları ilə tanış olmaq və hərracda iştirak statusu qazanmaq mümkündür.

Azvision.az

Teqlər: ƏMDK   Hərrac