Qadınlara qarşı zorakılıq niyə artıb? – FİKİRLƏR

Qadınlara qarşı zorakılıq niyə artıb? – FİKİRLƏR
  15 Noyabr 2013    Oxunub:11610
Son vaxtlar qadınlara qarşı zorakılıq halları gündəlik qarşılaşdığımız bir hala çevrilib. Hər gün biz mətbuatda eləcə də cəmiyyətə ən azı bir neçə xəbər eşidir və ya rast gəlirik: filankəsi “əri döydü”, “baltaladı”, “qulağını kəsdi”...
Statistika göstərir ki, son altı ayda Azərbaycanda qadınlara qarşı 3270 məişət zorakılığı qeydə alınıb. Qadınlara qarşı olan bu aqressivliyin səbəbi nədir?

İsa Şükürov, jurnalist:
- Əvvəla, belə halların Azərbaycanda da çoxalmasından üzülürəm. Buna dövlət səviyyəsində diqqət ayrılmalıdır. Hər hansı xanıma həyat yoldaşı tərəfindən zorakılıq olanda o xanım heç yerə şikayət etmir. Bunun ardınca kişi cavabsız qalmış səhv hərəkətini təkrarlamağa başlayır. Mənəvi və fikizi zorakılığa məruz qalmış xanımlar üçün 30-a yaxın sığınacağın olmasına baxmayaraq, xanımların onların nə işindən, nə də fəaliyyətindən düşünürəm ki, heç xəbəri belə yoxdur. Digər səbəb kimi isə xanımların daha çox Avropaya inteqrasiyası, kişilərin isə o tərəfə ümumiyyətlə, addım belə atmaq niyyətində olmamasıdır.

Şərif Ağayar, yazıçı:

- Məncə, aqressiya sosial zəminlidir. Kasıblıq, kişilərin addımbaşı haqsızlıqlarla qarşılaşması, psixoloji cəhətdən əzilməsi onlarda içkiyə meyl və ətrafa aqressiya yaradır. Bizim adamlar qəzəblidir. Qadını da, kişisə də! Qəzəbli başqa isə ağıl olmur. İnsan heyvansayağı fiziki imkanları ilə davranır. Qadına qarşı zorakılığın mentalitetlə bağlı amilləri də var. "Qızını döyməyən dizini döyər" - tipli əbləh “hikmət”lər yaradan kütlə nə yetişdirəcək ki! Mental dəyələrin aktiv olduğu cəmiyyətlərdə hər bir ailə ayrıca bir sirr dünyasıdır. Sən istəsən də, bu ailəyə müdaxilə edə, orada bəşəri dəyərlər tətbiq edə bilməzsən. Bu dəyərlər insanın qafasında uşaq yaşlarından formalaşmalıdır.

Elgiz Əkbər, teleaparıcı

- Əslində tək qadınlara yox, uşaqlara, elə kişilərin özlərinə də zorakılıq artıb. İndi konkret səbəb söyləmək çox çətindir. Qadınları həyat yoldaşlarından qazanc tələb etmələri və kişinin bu tələbi yerinə yetirə bilməməsi sonda ər-arvad münasibətlərinin pozulmasına gətirib çıxarır. Ailə münaqişələri zamanı tək qadınlar yox, uşaqlar da ziyan çəkir. Evə ərindən çox pul gətirən qadın hegomonluq etməyə meyilli olur. Sonda ər təhqir olunur, qadın zorakılığına məruz qalır. Bəlkədə siz inanmazsınız, nə qədər kişi belə şikayətlə verilişimizə müraciət edib, bizdən kömək istəyir. Problemin kökündə yenə də madiyyat dayanır. Ölkədə iş yerlərinin sayı artsa, belə şikayətlərin sayı əhəmiyyətli dərəcədə azalacaq. Bu, mənim subyektiv fikirimdir.

Elnarə Təhməzova, teleaparıcı

- Zorakılığa məruz qalan xanımların çoxu ali təhsili olmayan, çalışmayan, öz huquqlarini qorumağı bacarmayanlardır. Savadı, təcrübəsi olan xanımlarda da olur belə hallar, lakin daha sivil yolla həll olunur. Qızları ərə verməkdən çox təhsil alıb ayaqları üstündə durmağı öyrətsin böyüklər.

Zəminə Əliyeva, jurnalist:

- Məncə, qızların orta təhsildən yayındırılması, erkən nikahların artması onların qısa bir zamanda zorakılığın qurbanlarına çevrilməsini şərtləndirir. Digər tərəfdən, cəmiyyətdə sosial problemlərin doğurduğu psixoloji sarsıntı hökm sürməkdədir ki, müxtəlif çətinliklərlə üzləşən kişilər vəziyyətdən çıxış yolunu tapmayanda gərginliyi qadınların üzərinə yönəldirlər.


İlhamə Qasımova, müğənni:
- Əzəldən təbiətin qanunu olub güclünün zəiflər üzərində hökmranlıgı. İstər insanlar arasında, istər təbiətdə, heyvanlar arasında - xəstə, zəif heyvanlar həmişə digər güclü heyvanlara yem olub. Beləcə, balans qorunub, amma siz doğru buyurdunuz ki, bu, çox artıb. Mən başqa cəmiyyətlərdə nə dərəcədə coxaldığını deyə bilmərəm, amma bu xüsusən qadınların hüququ az olan ölkələrdə baş verir. Fikrimcə, əgər insanlar bunun başqası ilə deyil, "mənim qızımın, bacımın, anamın, həyat yoldaşımın başına da gələ bilər" kimi düşüncələri formalaşıb inkişaf etsə, o zaman bu zorakılıqların qarşısı yavaş- yavaş alınacaq. Əgər kimsə etdiyi hərəkətə görə məsuliyyət daşımırsa, insanlar onların gözlərini acmalı və məsuliyyəti boynuna göturməyə məcbur etməlidirlər. Qısa olaraq nəticə: laqeydlik, laqeyd yanaşma. Vəssalam, nə qədər ki, bir-birimizə laqeyd yanaşırıq, nəinki qadınlara, bir azdan bütün zəiflərə və uşaqlara qarşı belə münasibət artacaq.

Vüsalə Tağıyeva, jurnalist:

- Məncə, zorakılıq faktları artmayıb, zorakılığa qarşı çıxan qadınların sayı artıb. Əvvəllər ailələrini dağıtmamaq üçün çəkinirdilərsə bu haqda danışmağa, artıq xanımlar maariflidirlər, özlərinə hörmət edirlər və zorakılığın qarşısını təkbaşına ala bilmədiyi halda aidiyati orqanlara müraciət edirlər.

Məhsəti Şərif, jurnalist:

- Qadına qarşı zorakılıq hər zaman olub. Məncə bu zorakılıq ailələrdən başlayır. Hər zaman oğlan uşaqlarının üstün tutulması, onlara daha həssas yanaşılması və “sən bir addım öndəsən” kimi münasibət məhz bu zorakılığın təməlin qoyur. Azərbaycan məişət zorakılığına qarşı kampaniyaya yeni qoşulduğundan bizdə vəziyyət daha pisdir. Bunun üçün biz bir sıra işlər görməliyik. Məsələn 60-a yaxın ölkədə, o cümlədən Gürcüstan və Türkiyədə bu barədə qanun qəbul olunub. Bizdə də belə bir qanun olmalıdır. Mənim yaşadığım ölkədə - Türkiyədə belə faktlar daha çoxdu. Nəinki, zorakılıq hətta ölüm halları da var. Zorakılıq bir neçə anlamda nəzərə alınmalıdır: Cinsi istismar, fiziki zorakılıq, erkən yaşda zorla evləndirmə. Ona görə bu zorakılığın qarşısını almaq üçün öncə qanun qəbul edilməlidir.
Əslində, zorakılğın təməlini bəzən biz özümüz qoyuruq. Misal üçün, övladımız məktəbə gedərkən müəllimə deyirik ki, "ay müəllim, bu uşağın əti sənin, sümüyü mənim". Adi təhsilə bu cür başlayaraq, döyməyə, döyülməyə alışırıq. Yazıq, zavallı kişi nə etsin, evdə bişməyib, qonşudan gəlməyib. Ümumiyyətlə, cəmiyyətdə get-gedə aqressivlik yaranır. Hər gün nə qədər zorlama faktları olur. Ata qızını, qardaş bacını zorlayır. Məncə, əsl səbəb mənəvi dəyərlərin itməsidir. Bizimkilər adətən bu faktları gizlədir. Əri tərəfindən döyülən neçə qadın polisə gedir? Ya təcavüzə uğrayan qadın? Çünki cəmiyyət onları qınayacaq. Səbəb elə qadınların özüdür. Bu gün qadın hüququnu bilməlidir, “yox” deməyi bacarmalıdır.

- Aygün Səmədzadə, bəstəkar:

- Səbəb özündən güclüyə gücü çatmayan kişilərin kompleksidir. Tərbiyə səviyyəsi və mədəniyyətsizlik... Qadının kimsəsizliyi,öz hüquqlarını bilməməsi, ətrafında olanların nadanlıgı, laqeydliyi. Əksər vilayətlərimizdə qadına ənənəvi, olaraq qul kimi baxılır. Qadın həm uşaq böyüdür, ev saxlayır, həm də döyülür, söyülür, hətta öldürülür. Bu cinayətlərə qarşı əlaqədar orqanlar hər dəfə lazımi tədbir görsə, elə özbaşınalıqların sayı azalar. Məncə, qadına, uşaga zorakılıq edənlər ən ağır cəzaya məhkum olsalar, canlarında heç olmasa qorxu hissi olar... Birdə ki, məncə, normal adam heç vaxt zorakılıq etməz. Bunu edənlərin əksəriyyəti ya alkoqolik, ya da narkomanlar, bəzi hallarda da başqa psixoloji problemləri olanlardır.Onları da siyahıya alıb, müalicə etmək lazımdır.

Əzizə İsmayilova, radio aparıcısı:

- Bu cür hallar həmişə olub, bundan sonra da olacaq və bunun müxtəlif səbəbləri ola bilər. Sadəcə, məsələnin "cəmiyyətdə qadınlara qarşı zorakılıq faktlarının sayının sürətlə çoxalması" kimi qoyulması ilə razı deyiləm. Nəyə əsaslanıb deyək ki, çoxalıb? Kim aparıb bu sayı? Elə bir hesabat varmı ki, orda bu halların artması və ya azalmasını göstərəcək statistika olsun? Şəxsən mən buna rast gəlməmişəm. Əgər əlimizdə əsas ola biləcək müqayisə materialı yoxdursa, demək ki, "qadınlara qarşı zorakılıq azalıb" və ya "çoxalıb" fikri ancaq öz subyektiv fantaziyamızdan başqa bir şey deyil. Sadəcə, bu gün medianın qabartdığı məsələlər bu istiqamətdə daha çox üstünlük təşkil edir, ona görə elə təsəvvür yaranır ki, zorakılıq çoxalıb. Bu səpkidə oxuduğum xəbərlərin əksəriyyəti nə yazıq ki, heç bir əsası olmayan fantaziyadan doğub və ya tamaşaçını ekrana bağlamaq üçün qurulan "həyat" səhnələridir.

Samirə Rüstəmova, teleaparıcı

- Mənim fikrimcə, qadına qarşı zorakılıq tarix boyu baş verib. Sadəcə son zamanlar bu mövzuya daha çox diqqət yetirilir. Bəlkə bundan sonra bu cür halların azalması müşhahidə olunar. Hər halda cəmiyyət öz sözünü deməlidir.

Rəbiqə Nazimqızı, şairə

- Məncə, günah qadınların özlərindədir ki, vəzifə və hüquqlarından xəbərsizdirlər.

Aydın Mirzəzadə, deputat

- Əvvəllər qadına qarşı məişət zorakılığının əksəriyyəti ailənin içində qalırdı. İndi isə qadınlar hüquqlarını bilirlər, mətbuat və sosial şəbəkələr operativ işləyir və stənilən hadisə cəmiyyətin diqqətinə çatdırılır. Amma bu hallar çox sayılmalıdır.

Aytən Əliyeva, teleaparıcı

- Bir çox səbəblər ola bilər. Bəlkə hansısa maddi çətinliklər ucbatından baş verə bilər bu zorakılıq, bəlkə də həyatda qarşılaşdıqları çətinklərdən yaranan aqressiya nəticəsində bir insan yanında olan ən zəif məxluqa, yəni qadına qarşı zorakılıq göstərə bilər. Yəqin konkret hadisələrə görə konkret səbəblər var, amma mən düşünürəm, son vaxtlar qadınlar da dəyişib, daha çox öz haqlarını tələb edirlər. Bəlkə də daha sərbəst yaşamaq istəyirlər, müstəqil olmaq istəyirler, cəmiyyət isə hələ ki buna hazır deyil və bu səbəbdən qadınların bu istəyi aqressiya ilə qarşılanır. Hər halda, Azərbaycan qadını Sevilin timsalinda başından çadranı atanda bilirdi ki, onu qarşıda hələ çox çətinliklər gözləyir. Bir az pafoslu çıxsa da deyim ki, Azərbaycan qadını bu çətinliklərdən cəsarətlə çıxmağı da bacardi. Mənə görə, Azərbaycan qadını əziləcək və ya zorakılığa məcbur qalacaq qədər aciz deyil.

Səbinə Məmmədova
AzVision.az



Teqlər:  





Xəbər lenti