Bakıda “Kibertəhlükəsizlik həftəsi” işə başlayıb

  11 Mart 2019    Oxunub : 947
Bakıda “Kibertəhlükəsizlik həftəsi” işə başlayıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Microsoft” şirkəti tərəfindən “Kibertəhlükəsizlik həlləri üzrə seminar” keçirilib.
Azvision.az -ın məlumatına görə, seminarın məqsədi kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislərin maarifləndirmə səviyyəsinin artırılması və “Microsoft”un qabaqcıl bulud həlləri vasitəsi ilə təhlükəsizlik imkanlarının genişləndirilməsidir. Tədbirdə “Microsoft Azure” və “Microsoft 365” məhsulları və onların təhlükəsizlik meyarları barədə ətraflı məlumat verilib. Seminarda biznes, diplomatik korpusların səlahiyyətli nümayəndələri, elm və vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak ediblər. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tədbirdə çıxışı zamanı bildirib ki, dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi Azərbaycanda da müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi bu sahədə davamlı kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsini gündəmə gətirib.

Nazir müavini qeyd edib ki, bu sahədə hüquqi bazanın formalaşdırılması istiqamətində Azərbaycan beynəlxalq konvensiya və proqramlara qoşulub, daxili qanunvericilik bazasını daha da təkmilləşdirib. “Respublikada informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, kibertəhlükəsizlik sahəsində risklərin idarə olunması koordinasiyalı şəkildə həyata keçirilir. Bunu nəzərə alaraq digər aidiyyəti qurumları da cəlb etmək şərti ilə ölkəmizdə ilk beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nə start verilib” – deyə nazir müavini qeyd edib.

“Microsoft” şirkətinin MDB ölkələrində Kibertəhlükəsizlik və lisenziya uyğunluğu üzrə direktoru Dmitri Beresnev öz çıxışında deyib ki, bu gün kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri ən mühüm prioritet istiqamətlərdən biri kimi dəyərləndirilir. “Bu sahədə effektiv beynəlxalq əməkdaşlıq, çoxtərəfli dialoqun nailiyyəti, uğurlu qərarların qəbulu və bu qərarların həyata keçirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Ümumiyyətlə, kibertəhlükəsizlik çox geniş, aktual məsələdir. Azərbaycan dövləti bu sahədə mövcud olan boşluqları və təhlükələri vaxtında dəyərləndirərək müvafiq addımlar atıb”. Daha sonra “Microsoft”un kibertəhlükəsizlik haqqında analitik hesabatı təqdim edilib.

Mütəxəssislər kibertəhlükəsizliyin mərkəzləşdirilmiş monitorinqi, korporativ mobil qurğuların kibermüdafiəsi, loqin və parolların kibermüdafiəsi, arzuolunmaz tətbiqlərdən və onlayn xidmətlərdən mühafizə üsulları ilə bağlı geniş təqdimatlarla çıxış ediblər. Forum çərçivəsində yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi aparılıb.

Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maarifləndirmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədi ilə Azərbaycanda 11 - 15 mart 2019-cu il tarixlərində “Microsoft” şirkətinin dəstəyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

Azvision.az

Teqlər: Kibertəhlükəsizlik