Deputat kredit faizlərinin birrəqəmli olmasını təklif etdi

Deputat kredit faizlərinin birrəqəmli olmasını təklif etdi
  12 Mart 2019    Oxunub:4780
“Prezidentin fərmanı 10 min dollar və 17 min manata qədər olan problemli kreditlər məsələsini əsaslı surətdə həll edir, həm də banklar üçün xeyli dərəcədə əlverişli resurslar yaradır”.
Bunu Azvision.az -a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli deyib. Deputat bildirib ki, devalvasiya nəticəsində manatın kursu 78 qəpikdən 1 manat 70 qəpiyə keçən zaman əmələ gələn 92 qəpiyin 85 qəpiyini dövlət büdcə vəsaiti hesabına öz üzərinə götürür.

“Beləliklə, dövlət büdcəsinin vəsaiti hesabına dövlətin öz üzərinə götürdüyü vəsait də banklara daxil olur. Bununla banklarda yaxşı resurslar yaranır. Həmin resurslar hesabına bank sisteminin sağlamlaşdırılması üçün zəruri olan növbəti addımı atmaq lazımdır. Azərbaycanda banklar krediti 26-28, bəzən də 30 faizdən yuxarı verirlər. Bank sisteminin sağlamlaşdırılmasının əsasını həm də soyğunçu bank faizi məsələsinin aradan qaldırılması təşkil edir. Bu soyğunçuluğun aradan qaldırılması üçün Prezidentin 28 fevral tarixli fərmanı yaxşı şərait yaradıb. Bilavasitə orada göstərilən məsələlərlə bağlı işçi qrupu reallaşma mexanizmlərinin hazırlanması istiqamətində addımlar atmalıdır, həm də fikirləşmək lazımdır ki, bu əsasda faiz dərəcəsini 28-dən neçə dərəcəyə qədər endirmək üçün şəraitlər yaranır. Nəzərə almaq lazımdır ki, inflyasiyanın da tempi aşağı düşüb”.

Milli Məclisin üzvü qeyd edib ki, yanvar ayının göstəricilərinə görə inflyasiya 2 faizdir: “Belə olduğu halda bank faizlərinin 30 faiz olması dünyada görünməyən əcaib bir şeydir. Hesab edirəm ki, inflyasiya birrəqəmlidirsə, bank kreditlərinin də faiz dərəcəsinin birrəqəmli səviyyəyə çatdırılması məqsədəuyğun olar. Bu, təkcə vətəndaşlar üçün deyil, banklar üçün də vacibdir. Belə bir addım atılsa, banklarla real sektorun əlaqəsi güclənəcək. Vətəndaşlar qorxmadan daha çox kredit alacaqlar və iş quraraq iqtisadi fəallığı artıracaq. 30 faizə kredit alıb, onu qaytarmaq mümkün deyil. 10 adamdan 2-3 nəfər bunu qaytara bilər”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Kredit   Bank  





Xəbər lenti