Azərbaycan və İranın gömrük orqanları arasında protokol imzalanıb

Azərbaycan və İranın gömrük orqanları arasında protokol imzalanıb
  16 Mart 2019    Oxunub:2495
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsəndin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də iştirak edib. S.Mehdiyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin rəhbərliyi altında iki ölkə arasında qarşılıqlı əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Azərbaycan-İran münasibətlərinin son illər səmərəli əməkdaşlıq müstəvisində inkişaf etdiyi, iqtisadi münasibətlərin gücləndiyi, ticarət dövriyyəsinin artdığı bildirilib. Qeyd olunub ki, hər iki ölkənin strateji baxımdan beynəlxalq ticarət marşrutları üzərində yerləşməsi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə təkan verir.

Qarşılıqlı münasibətlərin uğurlu inkişafında gömrük xidmətlərinin də mühüm rolu olduğunu diqqətə çatdıran S.Mehdiyev istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb.

Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən DGK sədri bu islahatların iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb.

İranın iqtisadi işlər və maliyyə naziri ölkəsinin Azərbaycanla münasibətləri genişləndirməkdə daim maraqlı olduğunu deyib, bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib. Qonaq qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini bildirib. F.Dejpəsənd Azərbaycan gömrüyünün əldə etdiyi nailiyyətlərə toxunaraq, xüsusilə son dövrlərdə həyata keçirilən islahatları və mütərəqqi layihələri biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib.

Nümayəndə heyətinin rəhbəri martın 14-15 tarixlərində Bakıda keçirilən Azərbaycan-İran hökumətlərarası komissiyasının toplantısında gömrük işi üzrə aparılmış müzakirələri və əldə edilmiş razılaşmaları təqdir etdiklərini, bu razılaşmaların uğurla həyata keçiriləcəyinə əmin olduğunu söyləyib. Sonra Azərbaycan Dövlət Gömrük Komitəsi və İran Gömrük Administrasiyası arasında görüşün protokolu imzalanıb. Sənədi Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı S.Mehdiyev, İran tərəfindən Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfi imzalayıblar.

Daha sonra Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin, ticarət dövriyyəsinin artmasına paralel olaraq beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, eləcə də nəqliyyat vasitələrinin, şəxslərin gömrük sərhədindən təhlükəsiz və maneəsiz keçidinin təmin edilməsi, qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə olunub.

Azvision.az


Teqlər: DGK   İran  





Xəbər lenti