Azərbaycanda qazlaşma səviyyəsi 95,7 faizə çatdırılıb

  30 Mart 2019    Oxunub : 1510
 Azərbaycanda qazlaşma səviyyəsi 95,7 faizə çatdırılıb
Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, iclasda qaz təchizatı sahəsində mövcud vəziyyət, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafının təmin edilməsi, eləcə də icra intizamı, vətəndaşların qəbulu və müraciətlərin baxılması məsələlərinə dair müzakirələr aparılıb.

Bu gün Azərbaycanın həmçinin qaz ölkəsi kimi tanındığını deyən energetika naziri bildirib ki, ölkədə təbii qaza olan daxili tələbat tam ödənilir. Həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi hazırda 95,7%-ə çatdırılıb. Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı istiqamətində tədbirlər görülür. Nazir qaz təchizatının yaxşılaşdırılması, qaz itkisinin azaldılması, əhalinin qaz təchizatı şəbəkəsinə qoşulmasını asanlaşdırılması, habelə qaz qurğularının təhlükəsiz və etibarlı istismarı ilə bağlı görülən işlərdən bəhs edib.

Sonra Neft-qaz siyasəti şöbəsinin müdiri Elxan Həşimovun qaz təchizatı sahəsində görülən tədbirlərə dair məruzəsi dinlənilib. Ölkənin qaz nəqli infrastrukturu, qaz paylayıcı şəbəkə, yeraltı qaz anbarları, qaz itkisi, qaz emalı və texniki baxışla əlaqədar mövcud vəziyyət və yeni təkliflər diqqətə çatdırılıb.

Kollegiya iclasında həmçinin vətəndaşların qəbulu və müraciətlərə baxılması məsələlərinə xüsusi diqqət yetirilib. Bildirilib ki, aprel ayından başlayaraq energetika naziri tərəfindən vətəndaşların regionlarda qəbulu həyata keçiriləcək.

Cari ilin yanvar-mart ayları ərzində Energetika Nazirliyində inzibati xətalar haqqında 109 işə baxılıb. Bu müddətdə nazirliyə ümumilikdə 2246 müraciət daxil olub ki, bunlardan 709-u vətəndaş müraciətidir. İclasda müraciətlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn tapşırıqların icra vəziyyəti də nəzərdən keçirilib.
Yekunda energetika naziri Pərviz Şahbazov 2019-cu ildə energetika sektorunda qarşıda duran vəzifələrin icrasının təmin edilməsi üçün nazirliyin bütün struktur bölmələrinə müvafiq tapşırıqlar verib.

Azvision.az

Teqlər: Energetika-Nazirliyi