Müsavat iki “Q” arasında

  18 Noyabr 2013    Oxunub : 547
Müsavat iki “Q” arasında
İlkin AĞAYEV

Qəmbərin Qurultay oyunları partiya üçün ağır sonluqla yekunlaşa bilər

Prezident seçkilərindən sonra tam fiaskoya uğramış radikal müxalifət düşərgəsində aşırı süstlük müşahidə olunur. Aradabir qəzet səhifələrində “fəaliyyətə” keçsələr də, reallıqda müxalifətin deqradasiyası və fəaliyyətsizliyi daha da dərinləşməkdədir. İctimaiyyəti bu deqradasiya proseslərini izləməkdən yayındırmaq üçün müxalif partiyalar müxtəlif məsələlərlə gündəmə gəlməyə çalışırlar. Belə məsələlərdən biri də Müsavatın qurultayıdır.
Müsavat Partiyası artıq uzun illərdir ki, bu cür “qurultay” spekulyasiyası ilə məşğul olaraq bütün nizamnamə qaydalarını pozmaqdadır. Belə ki, Müsavat başqanı İsa Qəmbərin nizamnaməyə əsasən sədrlik limiti çoxdan bitsə də, yeni qurultayın keçirilməsinə illərdir uzadılır ki, Qəmbər partiyanın başında qalsın. Bütün bunlar İsa Qəmbərin və ətrafındakıların partiyanı nəzarətdə saxlamaq üçün qurduqları oyun idi və bu oyundan da onların nə dərəcədə “demokratik” təfəkkürlü olduqları açıq-aşkar görünürdü. İndiyə qədər bəhanə gətirilirdi ki, guya hakimiyyət partiyaya öz qurultayını keçirməyə normal yer ayırmır. Halbuki bütün bunlar bəhanələr idi. Məqsəd İsa Qəmbərin sırf şəxsi siyasi ambisiyalarını təmin etmək üçün onun bir neçə seçkidə sədr və namizəd kimi “at belində” olmasını təmin etmək idi. Amma son prezident seçkisində İsa Qəmbərin bu baxımdan daha heç nəyə yaramadığı üzə çıxdı. Buna görə də Əli Kərimli və digərləri kimi Cəmil Həsənlinin arxasında gizlənməli oldu. Beləliklə, proseslər Müsavat rəhbərliyini faktik olaraq yedək qüvvəyə çevirdiyindən, daha İsa Qəmbərin növbəti seçkilərdə “at belinə” minməyə heyi və cəsarəti qalmayıb. Bu isə artıq xeyli müddətdir dondurulmuş və “unudulmuş” qurultay məsələsini yenidən aktuallaşdırıb.

İndi yenə də “qurultay” söhbətləri Müsavat tərəfindən gündəmə gətirilir. Bu dəfə isə İsa Qəmbərə yaxın olan Arif Hacılı başqan olmaq iddiası ilə çıxış edir. Bu isə onsuz da ciddi durğunluq keçirən partiyanın daxilində ciddi parçalanma və deqradasiya yaradacaq. Belə ki, müxlaifət partiyalarının ideyalar, əqidə əsasında yox, yalnız şəxsə bağlı qurumlar olduğu heç kimə sirr deyil. Müsavat da o cümlədəndeyil. İsa Qəmbər bütün uğursuzluqlarına baxmayaraq, indiyə qədər partiyada ziddiyyətli tərəfləri birtəhər də olsa, birləşdirən fiqur kimi çıxış edib. O, sədrlikdən gedəndən sonra isə A.Hacılı və ona zidd olan tərəflər arasında rəqabət, anlaşılmazlıqlar partiyadan qopmalarla nəticələnə bilər.

Nahaq yerə deyil ki, bu fikri Müsavatın sədrlik yarışından qıraqda qalmış funksionerləri artıq hədə kimi səsləndirirlər. A.Hacılının Vurğun Əyyub, Gülağa Aslanlı, eləcə Rauf Arifoğlu və sair funskionerlələ problemləri və ziddiyyətləri var. Müsavatda hər funksionerin müəyyən sayda elektoratın başında durduğunu nəzərə alsaq, Hacılı sədr olacağı təqdirdə Müsavatda ciddi “yarpaq tökümü” olacağını təxmin etmək çətin deyil.

Digər bir variant isə İsa Qəmbərin sədrlikdən çıxandan sonra “fəxri lider” statusuna yiyələnməyə çalışacağıdır ki, bu da özünü doğruldan taktika deyil. Belə ki, indiyə qədər AMİP-in, ALP-nin, ACP-nin və sair qurumların timsalında bu taktikanın uğursuzluğu müşahidə edilib.

Bunları nəzərə alsaq, “fəxri liderlik” də Müsavatı deqradasiyadan xilas etmək yolu deyil... Beləliklə, ardıcıl seçki məğlubiyyətləri və elektoratı yalan vədlərlə dəfələrlə aldadandan sonra elektoratsız qalma fonunda Müsavat bu “qurultay” oyunu ilə “qaş düzəldən yerdə vurub gözü də çıxarmış” olacaq.


Teqlər: