"Vəsaitdən təyinatı üzrə istifadə edilməməsi halları azalıb" - Palata sədri
Onun sözlərinə görə, təkcə ötən il 53 audit nəticələri üzrə 714, 2017-ci ildə isə 49 auditlə 689 nöqsan müəyyən edilib:
"Dövlət satınalmaları ilə bağlı Prezidentin təşəbbüsü ilə İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən əlavələr də, təbii ki, bu istiqamətdə məsuliyyətin daha da artmasına səbəb olub. Vəsaitdən təyinatı üzrə istifadə edilməməsi halları da azalıb. Yeri gəlmişkən qeyd edim ki, bizim təklifimizlə vəsaitlərin təyinatının dəyişdirilməsi anlayışına bu yaxınlarda hüquqi status verilməsi gözlənilir. Fikrimizcə, anlayışın tərifinin doğru verilməsi - normativ sənədlərdə təsbit edilməsi anlaşılmazlığın aradan qaldırılmasına və vəsaitlərin təyinatı üzrə istifadəsinə səbəb olacaq".
Palata sədri bildirib ki, 2018-ci ildə Hesablama Palatasının nəzarət fəaliyyətini illər üzrə qruplaşdırsaq, auditlə əhatə olunmuş vəsaitin 21,1 faizi hesabat ilini, 50,7 faizi 2017-ci ili, qalan 28,2 faizi isə əvvəlki illəri əhatə edir.
"Keçən ilin nəticələri də göstərdi ki, nöqsanlar əvvəlki illərdəki kimi xarakterikdir. Ən çox yol verilən nöqsanlar əsasən büdcə qanunvericiliyinin pozulması, eləcə də mühasibat uçotunun aparılması, büdcə vəsaitlərinin istifadəsi zamanı satınalmalara cəlb edilməsi və dövlət büdcəsinin investisiya xarakterli vəsaitlərinin xərclənməsində olub. Nöqsanların baş verməsi, əsasən vəsaitlərin icrası üzrə məsul şəxslərin normativ-hüquqi aktların tələbləri ilə tam tanış olmaması və ya düzgün tətbiq edilməməsi ilə bağlıdır. İkinci bir tərəfdən, təcrübəyə əsaslanıb qeyd edim ki, daxili, həmçinin maliyyə nəzarətlərinin bütün mərhələlərinin güclü olması nöqsan və pozuntuların sayını minimuma endirir".
Azvision.az
Teqlər: Hesablama-Palatası Vüqar-Gülməmmədov