Vəkillər Kollegiyası Prezidentin fərmanı ilə bağlı bəyanat yayıb

   Vəkillər Kollegiyası Prezidentin fərmanı ilə bağlı bəyanat yayıb
  04 Aprel 2019    Oxunub:2981
Vəkillər Kollegiyasının Rəyasət Heyəti Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanı ilə bağlı bəyanat yayıb.
Azvision.az - ın məlumatına görə, bəyanatda bildirilir ki, Vəkillər Kollegiyası hüquq islahatlarının dərinləşdirilməsi sahəsində dövlət başçısının imzaladığı sözügedən fərmanı günün tələbləri baxımından vacib, zəruri, mütərəqqi addım, ədalət mühakiməsinə verilən töhfə məhkəmə-hüquq sistemində olduğu kimi, Azərbaycan vəkilliyinin tarixində silinməz iz qoyacaq və ən ali yüksəlişə aparacaq islahat kimi qiymətləndirir.

"Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi məhkəməyə müraciət imkanlarını daha da genişləndirəcək, məhkəmələrin fəaliyyətində şəffaflığı artıracaq, məhkəmə icraatının effektivliyini yüksəldəcək, məhkəmə qərarlarının tam və vaxtında icra olunmasına, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılmasına kömək edəcək. Fərmanda nəzərdə tutulan tədbirlər ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin müdafiə olunması, onlara keyfiyyətli hüquqi yardım göstərilməsi yolunda vəkillərin qarşılaşdıqları çətinlikləri aradan qaldıracaq", - bəyanatda qeyd olunur.

Bəyanatda vurğulanır ki, fərmanın cari və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması barədə tələbi dövlət hesabına göstərilən hüquqi yardımın səmərəliliyini artıracaq, bu isə, öz növbəsində, vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində təsbit olunmuş keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edəcək: "Vəkillər Kollegiyası adından bəyan edirik ki, Prezident İlham Əliyevin imzaladığı bu fərmandan irəli gələn, ölkəmizin davamlı tərəqqisinə, hüquq sisteminin sağlamlaşmasına, ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş bütün məsələlərin həllində həm vətəndaş, həm də vəkil mövqeyimizi nümayiş etdirməklə fəal şəkildə iştirak edəcək, üzərimizə düşən vəzifələri layiqincə icra edəcəyik".

Azvision.az



Teqlər:





Xəbər lenti