Məhkəmə sistemində böyük islahatlar - Yeni mərhələ başladı

  04 Aprel 2019    Oxunub : 7077
Məhkəmə sistemində böyük islahatlar - Yeni mərhələ başladı
“Prezident İlham Əliyevin “məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı mahiyyət, məzmun, dizayn və bütövlükdə fəaliyyətlərin miqyası baxımından çox mühüm əhəmiyyətə malikdir və özündə köklü islahatları ehtiva edir”
Bunu Azvision.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev deyib. O, bildirib ki, sözügedən fərmanın imzalanması təsadüfi xarakter daşımır:

“Fərmanın giriş hissəsində deyilir ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Daha sonra fərman özündə hansı islahatları həyata keçirməklə bağlı məsələləri ifadə edir. Bütövlükdə fərmanla 40-dan artıq tədbirin icrası nəzərdə turulur. Əsas məqsəd cəmiyyətdə yüksək nüfuza malik olan ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsidir. Eyni zamanda bu fərmanın tətbiq dairəsi məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, şəffaflığın artırlması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, qərarların tam və vaxtında icra edilməsinin, süründürməçilik və digər neqativ halların aradan qaldırılması ilə bağlı tədbirləri əhatə edir”.

Ə.Nuriyev qeyd edib ki, fərmanda konkret olaraq hər bir tədbirin həyata keçirilməsinin dəqiq vaxtı müəyyənləşdirilib: “Fərmanda həyata keçiriləcək tədbirlərlə bağlı müddətlər - 1 ay, 2 ay, 3 ay və maksimum 6 ay müəyyənləşdirilib. Yəni müddətlərin qısalığı fərmanın məzmununun əsas elementlərindən biridir. Bir sözlə, fərmanda nəzərədə tutulan tədbirlərlə bağlı təkliflər qısa zamanda hazırlanmalıdır. Bundan başqa, fərmanda tapşırıqlar verilən qurumlar məhkəm-hüquq sahəsində fəaliyyət həyata keçirirlər və bunlar - Məhkəmə Hüquq Şurası, Ali Məhkəmə, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Sahibkarlar Konfederasiyası, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və bütövlükdə Azərbaycan hökumətidir. Bu baxımdan qurumların idarəçilikdə tutduğu mövqe, həyata keçirdiyi fəaliyyətlər, səlahiyyətlərin özü də məhz bu fərmanın real, gerçək icra edilə biləcəyini göstərir”.

Hüquqşünans deyib ki, ölkə başçısının imzaladığı fərman məhkəmə-hüquq islahatlarında yeni mərhələ adlana bilər: “Əsas məsələlərdən biri dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı ixtisaslaşmış yeni məhkəmələrin yaradılmasıdır. Sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə əlaqədar yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti və digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulub. Bu, o deməkdir ki, ixtisaslaşmış məhkəmənin yaradılması sahibkarlıq sahəsində son illərdə aparılan islahatların real təminat şərtlərindən biri olacaq. Bu, həm də bütövlükdə sahibkarların inam və etimadının daha da gücləndirilməsini təmin edəcək. Eyni zamanda sahibkarların son ümid yeri ola biləcək qurumun yaradılması ölkəyə sərmayələrin axınının gücləndirilməsinə, məhkəmə hakimiyyətinə etimadın artmasına xidmət edir. Hesab edirəm ki, bu çox əhəmiyyətlidir və islahatların öz məqsədinə çatmasına yönələn məsələlərdir”.



Fond prezidenti əlavə edib ki, fərmandan irəli gələn məsələlərdə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi də nəzərdə tutulur: “Hakimlərin sosial müdafiəsinin yetərli səviyyədə olması, əmək haqlarının dəfələrlə artırılması onların yuxarı-aşağı, sağa-sola baxmasının qarşısının alınmasının başlıca şərtidir. Bu halın olması hakimlər üzərində yeni bir məsuliyyət qoyacaq ki, onlar qərarları daha ədalətli, qanuna, haqqa, hüquq düşüncəsinə əsaslanaraq qəbul etsin ki, cəmiyyətdə narazılıqlar mövcud olmasın və gələcəkdə öz vəzifəsini itirməsinlər. Ona görə sosial müdafiə ilə bağlı məsələnin qoyulması çox önəmlidir. Bundan başqa, məhkəmə aparat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlər qoyulub və bunlar da çox vacibdir. Çünki məhkəmə aparatında çalışanların yüksək biliyə malik olması, məhkəmələrlə vətəndaşlar, hüquqi şəxslər arasında münasibətlərdə dayanıqlılığı təmin edə bilər. Bir sözlə, onların sosial müdafiəsinin artırılması məhkəmələrdən intellektual axının qarşısını ala bilər. Bu məsələdə təminat şərtləri kimi məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq differensiasiya edilməsi qoyulub. Fərmanda rüsümların bir hissəsinin məhkəmələrin maddi-sosial təminatının gücləndirilməsinə yönləndirilməsi məsələsinin qoyulması çox mühümdür”.

Ə.Nuriyev vurğulayıb ki, çox mühüm məsələlərdən biri məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsidir: “Bəzi hallarda tərəflərin fikirləri, düşüncələri, şahidlərin və prosesdə iştirak edənlərin ifadələri protokola doğru-düzgün daxil edilmir. Bu da məhkəmə proseslərindən ən ciddi mübahisə doğruran məsələlərdən biridir. Belə halların olması məhkəmə qərarlarının keyfiyyətinə də təsir edir və bəzi hallarda qərarların düzgün verilməməsinə, spekulyasiya hallarının olmasına, sövdələşmələrə gətirib çıxarır. Bu baxımdan məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi protokolun keyfiyətinin artmasına, sübutların doğru-düzgün qiymətləndirilməsinə, gələcəkdə ehtimal olunan mübahisələrin tam olaraq aradan qaldırılmasına, mübahisə yaranarsa, yuxarı məhkəmələr tərəfindən işlərə daha obyektiv, diqqətli baxılmasına və ədalətli qərarların qəbul edilməsinə gətirib çıxaracaq. Bu, proses iştirakçılarının bir-birinə etimadın artmasına, psixoloji maneələrin aradan qaldırılmasına səbəb olacaq”.

Hüquq müdafiəçisi deyib ki, başqa bir məsələ mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsidir: “Bu, çox vacibdir. Bəzi hallarda bu aylarla uzanır. Müddətlərin dəqiq olması işin daha operativ həyata keçirilməsinə gətirib çıxarır. Eyni zamanda məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi fərmanda öz əksini tapıb. İndiyə qədər məhkəmə prosesləri ekspertizaları dövlət ekspertizası müəssisələri tərəfindən həyata keçirilirdi. Azərbaycanda müstəqil ekspertiza institutları yoxdur. Ona görə bu yeni müstəqil ekspertiza instutlarının yaranmasına imkan verəcək. Bu zaman tərəflər təkcə dövlət ekspertiza institutlarının müəssisələrinə yox, müstəqil ekspertiza instutlarına da müraciət edə biləcək. Bu, məhkəmələrə inam və etimadın yaranmasını və qərarların qəbul edilməsi prosesində obyektivliyi təmin edəcək. Yəni, alternativ ekspert rəyləri mövcud olacaq və mübahisələr zamanı məhkəmə onları tutuşdurmaq imkanı əldə edəcək”.

Ə.Nuriyev vurğulayıb ki, ilk dəfə prezidentin bu fərmanında Vəkillər Kollegiyasına qeyri-prosessual hərəkətlərin qarşısının alınması istiqamətində ciddi işlərin görülməsi üçün tövsiyələr yer alıb: “Heç kimə gizli deyil ki, Azərbaycanda vəkillik institutuna etimadın azalması proseslərindən biri vəkillərlə prosesin digər tərəfləri arasında qeyri-prosessual münasibətlərin olmasıdır. Fərmanla bunun qarşısının alınması üçün tövsiyələr olunur. Hesab edirəm ki, bununla Kollegiyanın bu istiqamətdə gördüyü işlər daha da dərinləşəcək. Bundan başqa, fərmanda pulsuz hüquqi yardımın göstərilməsi üçün ayrılan vəsaitin birbaşa Vəkillər Kollegiyasının hesabına köçürülməsi Maliyyə Nazirliyinə tapşırılıb. Bu da çox mühüm məsələdir. Keyfiyyətli hüquqi yardımın göstərilməsinə imkan verəcək. Bundan başqa, Məhkəmə-Hüquq Şurasında hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xəttlərin yaradılması da çox vacibdir. Bu hal həm də bir çox hakimləri daha da məsuliyyətli edəcək. Qaynar xəttin Məhkəmə-Hüquq Şurasında yaradılması yaxşı hal olsa da, daha yaxşı hal olardı ki, müstəqil bir təsisata verilsin. Hesab edirəm ki, qaynar xəttlərin bu prosesdə marağı olmayan qeyri-hökumət təşkilatlarına verilməsi prosesin daha da obyektivliyini təmin edə bilər”.

O, qeyd edib ki, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılmasının Ali Məhkəməyə tapşırılması mühüm əhəmiyyətə malikdir: “İndiyə qədər təcrübədə Ali Məhkəmə tərəfidən ümumiləşdirmələr aparılırdı. Amma ümumiləşdirmələri keyfiyyətli hesab etmək mümkündürmü? Düşünmürəm. Ona görə bununla bağlı müvafiq təchizatın yaradılmasına və onun müstəqil olmasına ehtiyac var ki, sonradan ümumiləşdirmənin məzmununa təsir göstərməsin. Hesab edirəm ki, bu məsələyə çox diqqətli baxılmaldır”.

Ə.Nuriyev əlavə edib ki, fərmanla 200-ə qədər hakim ştatının ayrılması işlərdə yüklərin azalmasına və keyfiyyətin yüksəlməsinə gətirib çıxaracaq: "Məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər önəmlidir. Burada bəzi qərarların özəl strukturlara verilməsinin öyrənilməsi tövsiyə olunur".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Prezident   Fərman   Məhkəmə