Azərbaycanda müasir tingçilik təsərrüfatı yaradılır

Azərbaycanda müasir tingçilik təsərrüfatı yaradılır
  05 Aprel 2019    Oxunub:2604
Azərbaycanda Çin Xalq Respublikasından əvvəlki illərdə gətirilmiş tinglərin budanmasından əldə olunan zoğlardan ibarət müasir texnologiya əsasında yeni tingçilik təsərrüfatı yaradılır.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə dövlət vəsaiti hesabına Çindən son üç ildə 3,5 mln. ədəd calaq olunmuş məhsuldar tut (çəkil) tingləri tədarük edilərək bölgü əsasında respublikanın 38 rayonunda 350 hektar sahədə Çin texnologiyası ilə əkilib. Məlumata görə, bu tinglər yerli torpaq iqlim şəraitində yüksək məhsuldarlıq göstərərək barama istehsalı üçün keyfiyətli yarpaq çıxımına malikdir.

Bu baxımdan “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nin icrası məqsədilə Aqrar Elm və İnnovasiya Mərkəzinin Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinə məxsus 1 hektarlıq torpaq sahəsində Çindən əvvəlki illərdə ölkəyə gətirilmiş tinglərin budanmasından əldə olunan zoğlardan istifadə edərək müasir texnologiya əsasında tingçilik təsərrüfatı yaradılıb. Bu tingçilik təsərrüfatında 200-250 min ədəd tingin yetişdirilməsi nəzərdə tutulub. Bunun üçün sahəyə üzvi və mineral gübrələr verilib, dərin şum aparılıb, 90 sm ara məsafəsi olmaqla tirələr düzəlib və tirələrin üzəri qara rəngli polietilenlə örtülüb. Əldə edilmiş zoğlar 10 sm ara məsafəsi olmaqla tirələrin üzərinə basdırılıb. Polietilen örtüyün çəkilməsində məqsəd torpaqda nəmliyi qorumaq, buxarlanmanın qarşısını almaq və alaq otlarının inkişafını məhdudlaşdırmaqdan ibarətdir. Birinci ildə köklənmiş tinglərin ikinçi ildə pikrovkaolunaraq sahələrə köçürülməsi nəzərdə tutulub. Artıq üçüncü ildən başlayaraq bu tinglərdən istifadə etməklə yeni bağların salınması həyata keçiriləcək.

Kümçü fermerlər üçün Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin sahəsində tarla nümayişi keçirilərək Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Tərtər RAEİM-in direktoru Məhərrəm Əliyev, Tərtər Dövlər Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev tərəfindən müasir texnologiya əsasında yeni tingçilik təsərrüfatında əkin, məhsuldar tut (çəkil) tinglərinin aqrotexnikası izah olunub, eyni zamanda fermerlərin sualları cavablandırılıb.

Qeyd edək ki, ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına dair işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3408 nömrəli tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması, baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə tut (çəkil) tingliyi təsərrüfatının yaradılması nəzərdə tutulur.

Azvision.az


Teqlər: KTN   Ting  





Xəbər lenti