"Biz öz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edə bilərik" - İlham Əliyev

  05 Aprel 2019    Oxunub : 1970
 "Biz öz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edə bilərik" - İlham Əliyev
Aprel döyüşləri bizim şanlı tariximizdir, parlaq zəfərimizdir. Azərbaycan əsgəri, Azərbaycan dövləti göstərdi ki, heç vaxt işğalla barışmayacaq.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlərlə görüşdə deyib. Oun sözlərinə görə, Azərbaycan məsələni diplomatik yollarla, siyasi yollarla həll etmək istəyir: "Ancaq, eyni zamanda, biz hərbi gücə də malikik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Aprel döyüşləri onu göstərdi ki, biz öz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edə bilərik. Onu göstərdi ki, Azərbaycan Ordusu böyük gücə malikdir. Onu göstərdi ki, bu, bizim torpağımızdır. Cocuq Mərcanlıya uzun fasilədən sonra qayıdan vətəndaşlar, o cümlədən yeniyetmələr, uşaqlar, - o insanlar ki, heç vaxt orada olmayıblar, onlar qayıdıblar oraya, - onu göstərir ki, hər bir köçkün torpaqlar işğaldan azad olunandan sonra öz doğma torpağına qayıdacaqdır.

Siz qeyd etdiniz, mən tam razıyam ki, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar işğaldan azad olunandan sonra biz bütün şəhərləri yenidən quracağıq, biz bu şəhərlərə yeni həyat verəcəyik. O şəhərlər ki, indi yerlə-yeksan edilib. Orada, işğal edilmiş torpaqlarda demək olar ki, bütün binalar dağıdılıb. Beynəlxalq təşkilatlar, ATƏT-in faktaraşdırıcı missiyası bu haqda məruzə də hazırlayıb. Biz necə ki, Cocuq Mərcanlını bərpa etdik, necə ki, qısa müddət ərzində vaxtilə işğal altında olan başqa torpaqlardakı binaları, evləri, şəhərləri, kəndləri bərpa etdik, işğalda olan bütün torpaqlardakı şəhərləri, kəndləri bərpa edəcəyik. Bizdə belə iradə və güc var.

Eyni zamanda, siz də qeyd etdiyiniz kimi, biz bütün dünyaya göstərməliyik, haqlı olaraq, göstəririk, sübut edirik ki, Qarabağ bizim tarixi torpağımızdır. Mehriban xanımın bu sahədəki fəaliyyətini siz yüksək qiymətləndirirsiniz. Mən də yüksək qiymətləndirirəm. Çünki onun fəaliyyəti nəticəsində dünyanın aparıcı beynəlxalq təşkilatlarında bu məsələ ilə bağlı təqdimatlar, simpoziumlar, konfranslar, dəyirmi masalar keçirilmişdir. Bizim tarixi, mədəni irsimiz olan muğam sənəti, tar və digər milli sərvətlərimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmışdır.

Bütün bunlarla bağlı sərgilər, təqdimatlar keçirilir, yəni, biz Qarabağ həqiqətlərini dünyaya çatdırırıq. Çünki vaxtilə, xüsusilə müstəqilliyimizin ilk illərində erməni lobbisi tərəfindən belə bir rəy formalaşdırılmağa cəhd edilirdi ki, guya Qarabağ onların torpağıdır. Bizim imkanımız yox idi, lobbimiz yox idi, bizim xaricə çıxışımız çox məhdud idi. Amma bu gün biz bütün dünyaya həqiqətləri çatdırırıq və tarixi sənədlər əsasında, maddi-mədəni irs əsasında sübut edirik ki, bu, bizim tarixi diyarımızdır. Mən bildirəndə ki, tarixi ədalət bizim tərəfimizdədir, məhz bunu nəzərdə tuturdum. Qədim xəritələrə baxanda görürük ki, Dağlıq Qarabağda və ətraf bölgələrdə bütün toponimlər Azərbaycan mənşəlidir. Tarixi ədalət, beynəlxalq hüquq, bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu da bizim böyük diplomatik və siyasi uğurumuzdur. Əlbəttə ki, iqtisadi potensialımız, hərbi gücümüz də mühüm amildir" - deyə, dövlət başçısı qeyd edib.

Azvision.az

Teqlər: İlham-Əliyev