Fuad Muradovun Gürcüstana səfəri davam edir

Fuad Muradovun Gürcüstana səfəri davam edir
  05 Aprel 2019    Oxunub:2834
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində Laqodexi rayonuna səfər edib.
Komitədən Azvision.az -a verilən məlumata görə, Fuad Muradov öncə Laqodexi bələdiyyəsinin nümayəndələrinin müşayiəti ilə Qabal kəndində fəaliyyət göstərən İctimai Mərkəzlə tanış olub.

F.Muradovun kənd sakinləri olan azərbaycanlılarla görüşündə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi nazirinin müşaviri Ayaz Məmmədov, Xarici İşlər Nazirliyinin Diasporla İş üzrə Departamentinin attaşesi Tamar Tevdoradze, Gürcüstan parlamentinin Laqodexi və Kvareli bələdiyyələri üzrə deputat Quram Macaraşvili, Kaxeti bölgəsinin qubernator müavini İrakli Şioşvili, Laqodexi bələdiyyəsinin meri Condo Mdinişvili, Laqodexi bələdiyyəsinin sədri Karlo Camburiya, Laqodexi bələdiyyə merinin Qabal inzibati ərazi vahidi üzrə nümayəndəsi Namaz Allahverdi, Laqodexi bələdiyyəsinin Qabal kənd üzrə bələdiyyə üzvü Amil Niyazov iştirak ediblər.

F.Muradov bildirib ki, azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, həmin dövlətin möhkəmləndirilməsində yaxından iştirak edirlər. Dövlət Komitəsinin sədri Azərbaycan dövlətinin Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyası və sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihə və tədbirlərdən də söz açıb. Dövlət Komitəsinin adından Qabal kənd məktəbinə noutbuklar, Gəncəli kənd məktəbinə isə Azərbaycanın milli rəqs paltarları hədiyyə edilib. Daha sonra Azərbaycan nümayəndə heyəti Gürcüstanın Saqareco rayonunun Qaraçöp mahalına səfər edib.

Azvision.az


Teqlər: Gürcüstan   Azərbaycan  





Xəbər lenti