Məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib

Məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
  06 Aprel 2019    Oxunub:3089
Vətəndaşlarımızın sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi dövlətimizin sosial siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyevin tapşırığına əsasən, hər il əhalinin tibbi profilaktik müayinəyə cəlb edilməsi üçün zəruri tədbirlər görülür.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da səhiyyə sahəsində layihələr həyata keçirir, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların müayinə və müalicəsinə lazımi kömək göstərir.

Ölkə rəhbərliyinin tövsiyəsinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurdundan didərgin düşən həmvətənlərimizin birbaşa müvəqqəti məskunlaşdıqları yerlərdə yüksək səviyyəli tibbi xidmətdən istifadə etməsinə dəstək verir. Artıq ənənəyə çevrilmiş tibbi müayinə aksiyası aprelin 5-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirilib.

Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının əksəriyyəti elmi və ali dərəcəli mütəxəssislərdən ibarət olan 20 nəfərdən ibarət həkim briqadası Səhiyyə Nazirliyinin qəsəbədə yerləşən 19 saylı birləşmiş xəstəxanasının poliklinika şöbəsində məcburi köçkünləri müayinə edib, onlara tibbi xidmət göstərib.

Aksiya haqqında Qaradağ rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərə əvvəlcədən məlumat verilib. Tibbi aksiya çərçivəsində 400 nəfərə yaxın məcburi köçkün müayinə olunub. Səhhətində problem aşkar edilənlərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib. Daha ağır vəziyyətdə olanlara xəstəxanaya göndəriş verilib.

Respublika Kliniki Xəstəxanasının baş həkimi Telman İbadov və 19 saylı birləşmiş xəstəxananın baş həkimi Elçin Hüseynov aksiyanın gedişinə nəzarət ediblər.

Məcburi köçkünlər onların sağlamlığına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tibbi aksiyaların məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

Azvision.az


Teqlər: Komitə  





Xəbər lenti