ATƏT PA-nın büro iclası keçiriləcək

ATƏT PA-nın büro iclası keçiriləcək
  06 Aprel 2019    Oxunub:1926
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev qurumun büro iclasında iştirak etmək üçün aprelin 6-da Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək.
Parlamentin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, büronun iclasında Assambleyanın siyasi məsələlər və təhlükəsizlik; iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin məruzələri və qətnamə layihələri müzakirə olunacaq.

İclasda ATƏT PA-nın xüsusi nümayəndələrinin fəaliyyəti və seçki müşahidə missiyalarının hesabatları, Assambleyanın baş katibi Roberto Montellanın mandatının ikinci müddətə uzadılması məsələsinə baxılacaq.

Bununla yanaşı, büro ATƏT PA-nın cari ilin iyulun 4-dən 8-dək Lüksemburqda baş tutacaq 28-ci illik və oktyabrın 4-dən 6-dək Mərakeşdə keçiriləcək payız sessiyalarının gündəliyini, müzakirə mövzularını və layihə sənədlərini təsdiq edəcək.

Azay Quliyev büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair fikirlərini və təkliflərini bildirəcək. Səfər aprelin 9-da başa çatacaq.

Azvision.az



Teqlər: ATƏT-PA  





Xəbər lenti