SOCAR Rusiyada neft yataqları alıb? - Açıqlama

  05 Aprel 2019    Oxunub : 2136
 SOCAR Rusiyada neft yataqları alıb? - Açıqlama
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Rusiya ərazisindəki Antipino neft emalı zavodunun və yataqların satın alınması barədə investisiya qərarı yoxdur.
Azvision.az xəbər verir ki, bunu Trend-ə SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov deyib.

O bildirib ki, SOCAR müntəzəm olaraq investisiya üçün imkanları nəzərdən keçirməklə bazarların təhlilini aparır: “Antipino neft emalı zavodunun və yataqların satın alınmasına gəldikdə isə, hələlik bu layihələr üzrə investisiya qərarı yoxdur”.

İ.Əhmədov qeyd edib ki, əgər SOCAR gələcəkdə Rusiya ərazisindəki bu və ya digər layihələr barədə investisiya qərarı qəbul etsə, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Rusiyanın “Kommersant” qəzetinin məlumatına görə, SOCAR “Antipino neft emalı zavodu” SC və ona məxsus “New Stream - Moqutovskoye”, hasilat aktivləri, Qremyaçevsk və Vorontsovsk neft yataqlarını satın almağı planlaşdırır. Qəzet yazır ki, SOCAR müəssisələrin aktivlərinin 100 faizini satın almaq və onların 3 milyard dollar həcmində borcunu öhdəliyə götürmək niyyətindədir. Məlumata əsasən saziş ilin sonuna qədər imzalana bilər.

Azvision.az

Teqlər: SOCAR